ÇİNGİZ QURBANOV: “GİZLİ SAVAŞ” » Memur.az

ÇİNGİZ QURBANOV: “GİZLİ SAVAŞ”

ÇİNGİZ QURBANOV: “GİZLİ SAVAŞ”
ÇİNGİZ QURBANOV: “GİZLİ SAVAŞ”
(roman)

Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş əsgər, zabit və xüsusi təyinatlıların əziz xatirəsinə həsr olunmuşdur.

Təbiəti qızılı rəngə boyamış payız qışın gəlişinin çox yaxın olduğunu hiss etdirirdi. Qışın qarlı, çovğunlu keçəcəyi heç kimdə şübhə doğurmurdu. Gecə və gündüz arasındakı mütənasibliyin pozulması havanın tez qaralmasına səbəb olmuşdu. Havalar əsasən buludlu və soyuq keçirdi. Pəncərələrə düşən yağış damcıları havada rütubətin çox olmasından xəbər verirdi. Ağac yarpaqları Günəşin rənginə boyanaraq xəzəl kimi yerə səpələnmiş, küləyin təsiri ilə küçə boyu sürünürdü. Küçələrin kənarında əkilmiş çoxillik əzəmətli küknar və çinar ağacları küləyə baş əyməməyə çalışır, amma əksər hallarda buna müəyyəsər ola bilmirdilər. Havaların soyuması insanların əhval ruhiyyəsini dəyişmiş onların küçələrdə seyrəlməsinə səbəb olmuşdu.
Mübariz otaqda var-gəl edərək gözucu divardan asılmış saata nəzər saldı. İşin başa çatmasına on dəqiqədən bir qədər çox qalmışdı. O, tələsmədən masanın üzərini səliqəyə salaraq gödəkçəsini geyinib küçəyə çıxdı. Hava soyuq olduğu üçün gödəkçənin yaxalığını qaldırıb papağı ilə alınını bağlayıb evlərinə doğru irəliləməyə başladı. Evləri iş yerinə yaxın olduğu üçün piyada gedib qayıdırdı. Ayaqları altında əzilən yarpaqların xışıltısına qulaq asaraq xəyallara dalmışdı. O, nahar fasiləsi zamanı qatıldığı iclasda müzakirə olunan məsələlərin təsiri altında qalmışdı. Şirkət rəhbərinin iclasa qatılması məsələnin ciddiliyindən xəbər verirdi. Rəhbərlik biznesin inkişaf etdirilməsi məqsədilə bir sıra rəhbər işçiləri Avropa ölkələrinə uzunmüddətli ixtisas artırma kurslarına göndərmək istəyirdi. Namizədlərin müəyyənləşdirilməsi üçün xüsusi komissiya yaradılmışdı. Seçim edilərkən əməkdaşların təcrübəsi və xarici dil biliklərinin nəzərə alınması tövsiyə edilmişdi. Mübariz seçimin ondan yan keçməyəcəyini anlayırdı. O, şirkətin xarici əlaqələr departamentinin direktoru vəzifəsində çalışmaqla ya¬naşı, bir neçə xarici dil bilirdi.
Mübariz evli olduğu üçün ilk olaraq həyat yoldaşı Fidan və qızı Leyla haqqında fikirləşirdi. O, Fidan xanımı çox sevirdi. Üç il öncə payızda toyları olmuş, qızları Leylanın isə iki yaşı var idi. Onların tanışlıq hekayəsi əsasında Hind filmi çəkmək olardı. Mübariz universitetin üçüncü kursunda oxuyarkən kitabxanada bir qızla qarşılaşmışdı. Qız onun çox xoşuna gəlsə də salamlaşmaqla kifayətlənmiş, yaxından tanış olmağa cəsarəti çatmamışdı. Ancaq bu təsadüfü görüş onun xatirəsində silinməz iz buraxmışdı. Bir müddət sonra həmin qızın qrup yoldaşı Aysellə söhbət etdiyini görüb, adının Fidan olduğunu öyrənmişdi. Aysel onları tanış edəcəyinə söz vermişdi.
Mübariz universitetlərarası güləş yarışlarına qatılmaq, keçən il finaldakı məğlubiyyətin əvəzini çıxmaq istəyirdi. Əslində hamının da etiraf etdiyi kimi o, finalı hakimlərin səhvi ucbatından uduzmuşdu. Hakimlər onun iki ballıq fəndini qeydə almamaqla yanaşı, rəqibə bir xal vermişdilər. Bir xal finalın taleyini həll etmiş, Mübariz nəticədə ikinci yerlə kifayətlənmişdi. Ancaq mükafatlandırma zamanı maraqlı hadisə baş vermişdi. Çempion idmançı qızıl medalı öz boynundan çıxarıb Mübarizin boynundan asmışdı. Bu hadisə idman salonuna toplaşan tələbələr tərəfindən rəğbətlə qarşılanmış, hamı ayağa qalxaraq hər iki idmançını hərarətlə alqışlamışdılar. Mübarizin idman həyatı bununla yekunlaşmır, boş vaxtlarında əlbəyaxa döyüş növləri ilə məşğul olurdu. Bu məşğuliyyət ona əsəblərini cilovlamağı və təmkinli davranmağı öyrətmişdi. İdman yarışlarına qatılması imtahanlara hazırlaşmasına mane olmur, əksinə kömək edirdi. O, imkan tapdıqca kitabxanalara gedir, çox mütaliə edirdi.
Günlərin birində universitetdən çıxıb evə gedərkən avtobus dayanacağında Fidanın rəfiqəsilə söhbət etdiyini görüb dayandı. O, evə getmək istəməyib tanış olmaq məqsədilə qızları izləməyə qərar verdi. Rəfiqələr avtobusa minib ön sırada oturacaqların birində yan-yana əyləşdilər. Mübariz qızların onu görməməsi üçün avtobusa arxa qapıdan minmişdi. Avtobus Yasamal istiqamətində hərəkət edirdi. Bir neçə dayanacaqdan sonra rəfiqəsi avtobusu tərk etdi. Mübariz yaxınlaşmır, Fidanın avtobusdan düşməsini gözləyirdi. Nəhayət, dayanacaqların birində Fidan avtobusdan düşdü. O, addımlarını yeyinlədərək qarşıdakı tindən sağ tərəfə döndü. Mübariz pulun qalığını sürücüdən götürərkən bir qədər gecikdi. O, Fidana çatmaq üçün sürətini artırdı. Mübariz tini dönərkən bir nəfər oğlanın Fidanın qarşısını kəsdiyini, üç nəfərin isə yaxınlıqda ağacın altında söhbət etdiklərini gördü. Sözə ilk olaraq Fidanın qarşısını kəsən oğlan başladı.
-Fikirləşdin?
-Nə fikirləşməli idim?
-Cuhudlar kimi suala sualla cavab vermə, mən səndən adam kimi söz soruşuram!
-Mən də ötən həftə adam kimi yox cavabı verdim, indi nə istəyirsən?
-Deməli, yox.
-Bəli.
Oğlan arxaya çevrilib kiməsə işarə etdi. Tindən çıxan avtomobil sürətlə onlara yaxınlaşıb dayandı. Fidanla dialoqa girən oğlan üzünü ağacın altında söhbət edən yoldaşlarına tutub dedi:
-Kömək edin qızı avtomobilə mindirək.
Mübariz digər üç nəfərlə birlikdə Fidanın yanına eyni zamanda çatıb oğlanların qarşısını kəsib dedi:
-Nə etmək istəyirsiniz?
-Sənə dəxili yoxdur, başın özünə ağırlıq etmirsə yoluna davam et. Bizim işimizə qarışma.
-Bilmək olar sizin işiniz nədən ibarətdir? Dörd nəfər oğlanın bir qızın üstünə getməsi kişi işidir? -Mübariz əsəbi halda soruşdu.
-Bu adam Yasamalda olduğunu anlamır, vurun bu hərifi! -Dialoqa girən oğlan dostlarına işarə etdi.
-Uşaqlar, diqqətinizə çatdırım ki, mən idmançıyam, xanima və mənə təzyiq göstərsəniz əks təzyiqlə qarşılaşacaqsınız. Xahiş edirəm hər kəs yoluna davam etsin. –Mübariz onlara xəbərdarlıq etdi.
Oğlanlar Mübarizin hədə-qorxu gəldiyini düşünüb Fidanı qaçırmaq üçün hərəkətə keçdilər.
-Sən kimi qorxudursan? Elə bilirsən biz idmanla məşğul olmuruq? Sizə dedim vurun bu hərifi! –Fidanı qaçırtmaq istəyən oğlan çox əsəbi görünürdü.
Oğlanlardan biri Mübarizin inad göstərdiyini görüb onu qorxutmaq üçün cibindən bıçaq çıxartdı. Bıçağın tiyəsi üzərinə düşən işığı əks etdirərək parıldayırdı. Mübariz ona aman verməyib ayağı ilə zərbə endirdi. Bıçaq tutan oğlan yerə sərildi. O, çevik və sərrast zərbə ilə digər oğlanlara aman verməyib onları yerə yıxdı. Dəstə üzvləri özlərinə gəlməmiş Mübariz bıçağı oğlanın əlindən alıb kolların arasına atdı. O, oğlanları zədələmək istəmir, özünü müdafiə etmək məqsədilə önləyici fəndlər işlədirdi. Otun üstündə çabalayan oğlanlar sirena səsi eşidib polis zənn edərək sıçrayıb kolların arasında görünməz oldular. Mübariz Fidanın əlindən tutub geriyə, avtobus dayanacağına doğru qaçdı. Onlar avtobusun gəlməsini gözləyir, bir-birinə tamaşa edərək nəfəslərini dərirdilər. İlk olaraq Fidan sükutu pozdu.
-Təşəkkür edirəm. Fikirləşirəm siz olmasaydınız mənim halım necə olardı?
-Halınız heç indi də yaxşı deyil. Sizi onlar qaçırmaq istəyirdilər, mən qaçırdım. -Mübariz zarafat edərək gərginliyi azaltmağa çalışdı.
Hər ikisi qəh-qəhə çəkib güldülər. Bu hadisə onların tanış olmasına, daha sonra isə evliliyə qədər getməsinə səbəb olmuşdu. Bəli, Mübariz Fidanla payızda tanış olmuş, növbəti ilin payızında isə toyları olmuşdu. Bir il sonra payızda isə qızları Leyla dünyaya gəlmişdi. Mübarizin həyatının önəmli hadisələri və idman uğurları payız fəslinə təsadüf etdiyi üçün payızı çox sevirdi. Daha doğrusu o, ilin bütün fəsillərindən zövq almağı bacarırdı.
Mübariz yanında dayanan avtomobilin əylənc səsinə xəyaldan ayrılıb başını qaldırdı. Qarşısında qara şüşəli mikroavtobus dayanmışdı. Mikroavtobusun qapısı açıldı və gözlərinə qara eynək taxmış ucaboy, enlikürək, cüssəli şəxs düşdü. O, Mübarizə yaxınlaşıb dedi:
-Salam. Siz Mübariz Nadir oğlu Babayevsiniz?
-Bəli.
-Mübariz müəllim, xahiş edirəm bizimlə gedəsiniz.
-Bilmək olar məni hara aparmaq istəyirsiniz?
-Getdiyimiz məkanda hər şeyi sizə izah edərlər. Xahiş edirəm, əlavə sual verməyəsiniz.
-Əcəb işdir! Hara dəvət etdyinizi bilmirəm, lakin artıq sual verməməyi tövsiyə edirsiniz. -O, gözucu avtomobilin dövlət nömrə nişanına nəzər saldı. Bu adi dövlət nömrə nişanından fərqli idi. Mübariz avtomobilə minməyə tərəddüd edirdi.
-Sizdən xahiş edirəm sənəd təqdim edəsiniz, ya da məsələyə məni qane edəcək formada aydınlıq gətirəsiniz.
Dəvət olunmamış «qonaq» cibindən xidməti vəsiqəsini çıxarıb Mübarizə göstərdi.
-Buyurun!
Mübariz əlavə bir söz demədən avtomobilə əyləşdi. O, bu hadisənin iclasda müzakirə olunan məsələlərlə bağlı olmasının fərqinə varmışdı. Mübariz düşünüb təhlil etmək, baş verən hadisələr arasında məntiqi bağlılıq tapmaq istəyirdi. O, gödəkçəsinin qolunu yuxarı çəkib saata baxdı. Artıq bir saat idi, yol gedirdilər. Havanın yağmurlu olması və tez qaralması yolu yaxşı seçməyə imkan vermirdi. Nəhayət, avtomobil hündür hasarlı bir tikilinin qarşısında dayandı. Darvaza taybatay açıldı, avtomobil içəri daxil oldu. Əvvəldən qaraqabaq dayanmış ikinci şəxs avtomobildən düşüb dedi:
-Mübariz müəllim, buyurun, düşə bilərsiniz.
-Çox sağ olun. Yəqin nə üçün dəvət olunduğumu burada izah edərlər?
-Əlbəttə, Mübariz müəllim.
Mübariz böyük lampalarla işıqlandırılmış həyətə nəzər saldı. Sağ tərəfdə iki mərtəbəli inzibati bina, sol tərəfdə isə idman zalı inşa olunmuşdu. Zalın açıq qalmış qapısından turnik, kanat və digər idman alətləri aydın görsənirdi. Ərazinin orta hissəsində idman meydançası yerləşirdi. Meydançanın ətrafında müxtəlif idman qurğuları yerləşdirilmişdi. Məkan hazırlıq düşərgəsinə bənzəyirdı. Darvazanı açan şəxsdən başqa ətrafda kimsə gözə dəymirdi.
İnzibati binanın uzun dəhlizilə hərəkət edib sonda yerləşən bir otağa daxil oldular. Otaq zövqlə bəzədilmişdi. Divardan ölkə rəhbərinin portreti asılmış, sağ tərəfdə divan və onun önündə kiçik bir masa, sol tərəfdə isə iki kreslo qoyulmuşdu. Baş tərəfdə iri yazı masası, önündə isə iki kiçik kreslo yerləşdirilmişdi. Yazı masasınin arxasında qırx, qırx beş yaşlarında bir şəxs əyləşmişdi. O, çox nurani bir insana bənzəyirdi. Uzun ağarmış saçlarını arxaya daramış, üzü təmiz təraş olunmuşdu. Yazı masasının önündəki kreslolardan birində təqribən otuz yaşlı bir şəxs əyləşmişdi. Otaqdakılar mülkü paltar geyinmişdilər.
Mübarizi müşayyət edən şəxslər otağı tərk etdilər. Masa arxasında əyləşmiş nurani şəxs ayağa qalxıb Mübarizlə görüşüb dedi:
-Mübariz müəllim, gəlin tanış olaq. Mən polkovnik-leytenant Mahir Əzimov kəşfiyyat xidmətinin əməkdaşıyam, oturan şəxs isə müavinim kapitan Abdullayevdir.
-Tanışlığımıza çox şadam, cənab polkovnik-leytenant. Mən isə Babayev Mübariz Nadir oğluyam.
-Bilirəm. Düşündüyünüzdən fərqli olaraq sizin haqqınızda kifayət qədər məlumatımız var.
-Ümüdvaram bildiyiniz məlumatlar məni müsbət tərəfdən xarakterizə edir. -Sifətini heyrət bürümüş Mübariz dilləndi.
-Bəli, Mübariz müəllim, tamamilə doğrudur. İcazənizlə birbaşa mətləbə keçim. Bildiyiniz kimi havadarlarının ermənilərə verdiyi dəstək əsassız torpaq iddialarının baş qaldırmasına yol açmışdır. Nəticədə, ərazilərimizin iyirmi faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon işğal olunmuş, iyirmi mindən çox soydaşımız qətlə yetirilmiş, çoxlu dinc sakin yaralanmış, əlli mindən çox adam şikəst olmuşdur. Beş minədək soydaşımız əsir və itkin düşmüş, girov götürülmüşdür. Doqquz yüzə yaxın şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış, yandırılmış və xarabalığa çevrilmişdir. Münaqişə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın sayı bir milyondan çoxdur.
-Cənab polkovnik-leytenant, bu faktlar Azərbaycan ictimayətinə o cümlədən, mənə bəllidir.
-Bəli, Mübariz müəllim, bu faktların sizə bəlli olmasına baxmayaraq, bir daha diqqətinizə çatdırmağı özümə borc bildim. Əlavə olaraq qeyd edim ki, beynəlxaq təşkilatlar bu işğal faktına göz yumur, haqq işimizdə bizi dəstəkləmir, Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmur və işğal faktını aradan qaldırmaq istəmirlər. Belə bir şəraitdə bizim toparlanmağımız, torpaqlarımızın azad olunması naminə birləşməyimiz və ölkə rəhbərinə dəstək verməyimiz gərəkdir. Bütün vətəndaşlarımız bacarıqları və səlahiyyətləri çərçivəsində ərazi bütövlüyümüzün bərpa olunması üçün əlindən gələni etməlidir.
-Tamamilə düz buyurursunuz, cənab polkovnik-leytenant. Belə məsələlərin həllində mən çox kiçik adamam. Nə edə bilərəm? Necə deyərlər əlimdə topum yox, tüfəngim yox.
-Mübariz müəllim, hər şey silahla həll olunmur, mübarizənin top-tüfəngsiz forma və metodları vardır.
-Razıyam, cənab polkovnik-leytenant. Onda xahiş edirəm deyin, bu məsələdə mən sizə nə kömək edə bilərəm, məndən gözləntiləriniz nədən ibarətdir?
-Bildiyiniz kimi ölkə rəhbəri beynəlxalq arenada, xarici işlər nazirliyi diplomatik arenada mübarizə aparırlar, deməli, biz də öz sahəmizdə lazımi mübarizəni aparmalıyıq. Hər şeyi başqalarının üstünə atmaq olmaz. Problemin həllinə biz də öz töhfəmizi verməliyik. Bəlkə, mən düz demirəm?
-Cənab polkovnik-leytenant, tamamilə düz buyurursunuz, ancaq sizin sahə ilə öz işim arasında bir əlaqə görə bilmirəm. Siz məndən nə formada kömək istəyirsiniz? Xahiş edirəm, detalları mənə izah edin. Məndən asılı bir şey varsa canla-başla, vicdanla kömək etməyə hazıram.
-Çox sağ olun, Mübariz müəllim. Bu əsl vətənpərvər mövqeyidir, siz səbrlə dinləyin mən hər şeyi izah edərəm.
Polkovnik-leytenant Əzimov söhbətə davam edərək masanın daxılından köhnə qəzet və jurnallar çıxarıb Mübarizə göstərir, müxtəlif sənədlərlə onu tanış edirdi. Zaman keçdikcə Mübarizin sifət cizgiləri dəyişərək gərilir, həyacanını boğa bilmirdi. Nəbzi tez tez vurur, onu soyuq tər basırdı. Yaranmış gərginliyin aradan qaldırılması üçün bir qədər fasilə verməyə qərar verdilər. Mübariz fasilə zamanı evlərinə zəng edib, bir qədər gec gələcəyi barədə həyat yoldaşına məlumat verdi. Fidan xanımın «xeyirdirmi» sualını yarımçıq kəsib, «dostlarımla oturmuşam» deyib telefonun dəstəyini asdı. Onların söhbəti gecəyarıya qədər davam etdi. Hər kəs müzakirə olunan məsələyə öz fikrini bil¬dirir, gətirdiyi arqumenti əsaslandırmağa çalışırdı. Nəhayət, Əzimov söhbətə son vermək üçün üzünü Mübarizə tutub dedi:
-Mübariz müəllim, sizdən xahiş edirəm müzakirə etdiyimiz məsələlərə diqqətlə yanaşıb, bir həftə içərisində öz mövqenizi şəxsən mənə bildirəsiniz. Siz savadlı insansınız və başa düşürsünüz ki, bu məlumatları digər şəxslərlə bölüşmək olmaz. Vəzifə borcumdan irəli gələrək sizi bir daha xəbərdar edirəm.
-Cənab polkovnik-leytenant, məsələnin ciddiliyini tam məsuliyyətimlə dərk edirəm. Söz verirəm, qısa müddət ərzində oz fikirimi şəxsən sizə bildirəcəm.
Onlar xudahafizləşdilər. Qara eynəkli adamlar Mübarizi şəhərə gətirib, evinin qarşısında avtomobildən düşürüb getdilər. Mübariz mənzilin qapısını açıb içəri daxil olarkən həyat yoldaşı ilə astanada qarşılaşdı. Gecə yarıdan keçməsinə baxmayaraq Fidan hələ yatmamışdı. O, gödəkçəni so¬yunmaqda ərinə kömək edib soruşdu:
-Yemək istəyirsən?
-Xeyr, dostlarımla yemişəm.
Mübariz birbaşa yataq otağına yollandı. O, yatağa uzanıb üzünü divara tərəf çevirdi. Fidan onu sözsüz anlayırdı, Mübariz bu hərəkətlə məndən heç nə soruşma demək istəyirdi. Fidan dillənmədən yatağa uzandı.
***

Mübariz səhər tezdən yuxudan oyanıb adəti üzrə idman etməyə başladı. Yaxşı yatmadığı üçün özünü pis hiss edir, başı ağrıyırdı. O, üzünü təraş edərkən çənəsindəki ət xal zədələndiyi üçün qan axırdı. Qanaxmanı dayandırdıqdan sonra işə yollandı. Nahar fasiləsinədək sənədləri götür-qoy edir, bir yerdə qərar tuta bilmirdi. Mübariz fikirli olduğundan bəzən nə etdiyini özüdə anlamırdı. Nəhayət, olub keçənləri təhlil etmək üçün dənizkənarı bulvara yollandı. Hava soyuq olduğundan dəniz kənarında tək-tək insanlar gözə dəyirdi. Kimsənin onu tanımaması üçün gödəkçənin yaxalığını qaldırıb dənizə tamaşa edirdi.
Mübariz Qərbi Azərbaycanın Göyçə mahalında, fəhlə ailəsində dünyaya göz açmışdı. Onun bir bacısı və iki qardaşı var idi. Uşaqların böyüyü Mübariz, sonra bacısı dünyaya gəlmiş, digər iki qardaşları isə ondan bir neçə yaş kiçik idi. Ailənin sonbeşiyi Azər ilə Mübarizin arasında on iki yaş fərq vardı. Bacısı orta məktəbi bitirdikdən sonra erkən ailə qurub Gəncə şəhərinə köçmüş, Mübariz isə ali məktəbə daxil olmaq üçün Bakı şəhərinə yollanmışdı. O, universitetin birinci kursunda təhsil alarkən azərbaycanlıların Ermənistandan deportasiyasına başlanılmışdı. Vəziyyət qarışıq olduğundan ailəsi ilə daima əlaqə saxlaya bilmir və çox narahat olurdu. Əlaqə saxladığı zaman isə ona bildirirdilər ki, azərbaycanlı əhali işə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda onlara heç nə satılmır, əksinə telefon, işıq, su, qaz kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu cür ağır şərait azərbaycanlıların öz vətənindən qaçqın düşməsinə səbəb olmuşdu. Eşitdiyinə görə əhali əmlakını çıxara bilmədiyi üçün dəyər-dəyməzə ermənilərə satmağa məcbur olurdu. Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Artıq başqa yol görünmürdü. Beləcə azərbaycanlılar yaşayan rayon və kəndlər bir birinin ardınca boşaldılaraq erməniləşdirilirdi.
1988-ci ilin sonlarından etibarən ailəsi ilə əlaqəsi tam kəsilmişdi. Mübariz dövlət qurumlarına müraciət etsədə Aydın və Azər qardaşları və valideyinlərinin taleyi barədə heç nə öyrənə bilməmişdi. Hökumət rəsmilərinin verdiyi məlumata görə, bir çox insanlar kimi onlar da itkin düşmüşdülər.
Mübariz olub keçənləri xatırladıqca qəlbindəki qisas hissi közərir, yavaş-yavaş alovlanırdı. O, çox düşünüb son günlərdə baş verənləri həyat yoldaşı ilə bölüşmək, müzakirə etmək qərarına gəldi. Əlbəttə, başqa cür ola bilməzdi. O, iki yaşlı qızı Leyla və həyat yoldaşı Fidanın məsuliyyətini daşıyırdı. Ona görədə ciddi qərarların birgə alınması cox vacib məsələ idi.
Adi iş günlərindən fərqli olaraq Mübariz evə tez gəlmişdi. Fidan ərinin tez gəlişindən təccüblənmədi. O, son günlərdə Mübarizlə bağlı ciddi olayların baş verdiyinin fərqindəydi. Fidan ərinə yemək təklif edib dedi:
-Sənin çox sevdiyin yarpaq dolması bişirmişəm, gətirim?
-Mən haçandan yarpaq dolması xoşlamışam? Sən bilirsən ki, mən badımcan dolması xoşlayıram, amma bibər dolmasını işdahla yeyirəm, pomidor dolmasına isə dostlarımı qonaq edirəm.
-Səndə zarafat etməyə vaxt tapdın.
-Allaha şükür nə olub, nə üçün də zarafat etməyim?
-Nə baş verdiyini səndən yaxşı heç kəs bilmir. –Fidanın sifətinə qayğılı təbəssüm çökdü. O, çəpəki baxışlarla ərini süzüb, üzünə dağılmış saçlarını başının hərəkətilə arxaya atdı.
-Onu düz deyirsən, Fidan. Baş vermiş hadisələri sənə anladacam, ona görədə işdən bir az tez gəlmişəm.
Mübariz yemək masasının arxasında əyləşib, son günlər baş verən hadisələri aramla anlatmağa başladı. Fidan ərinin söhbətinə qulaq asdıqca sifəti haldan hala düşürdü. Sanki Mübarizin polkovnik-leytenant Əzimovun kabinetində yaşadığı anları yaşayırdı. Xəyalında Mübarizin ailəsinin başına gələn hadisələri canlandırır, ona edilən təklifi dəyərləndirməyə çalışırdı. Sohbət gecəyarısınadək davam etdi. Fidan bulaşıq qabları stolun üstündən yığışdırıb dedi:
-Mübariz, bilirsən mən səni çox sevirəm. Lakin bu məsələ ilə bağlı qərar qəbul etməkdə bitərəf mövqe tutmaq istəyirəm. Çünki, bir tərəfdə mən və qızımız Leyla, digər tərəfdə isə itkin düşmüş ailə və səndən tələb edilən vətəndaş mövqeyi. Müzakirə etdiyimiz məsələ barədə qərar verməyi sənin öhdənə buraxıram. Qəbul edəcəyin qərara hörmətlə yanaşacam və dəstəkləməyə hazıram.
-Çox sağol Fidan, sən mənə yaxşı kömək etdin. -Mübariz gülümsündü.
-Mübariz, sənin düşünmək üçün nə qədər vaxtın var?
-Həftənin sonuna qədər bir cavab verməliyəm.
-Deməli bir neçə gün vaxtın var, yaxşı düşün, qərarını ver. Həm də qeyd edim ki, yapışdığın işi axıra çatdırmaq qabiliyyətinə maliksən və sənə sonsuz dərəcədə inanıram.
Mübariz həftə sonunadək düşünüb yekun bir fikirlə polkovnik-leytenant Əzimovun yanına getməyə qərar verdi. Fidanın dəstəkləyici fikirləri onu bir qədər ürəkləndirmişdi. O, yaranmış vəziyyəti götür-qoy etmək üçün yataq otağına çəkilib düşünməyə başladı. Mübariz ailəsinin başına gələnləri, işğal altında qalan torpaqları, azərbaycanlıların Ermənistandan qovulmasını, ölkənin iqtisadi-siyasi durumunu nəzərə alaraq, polkovnik-leytenant Əzimovun təklifini müsbət dəyərləndirmək qərarına gəldi. Səhər yuxudan oyanıb bir qədər idmanla məşğul oldu. Səhər yeməyini tamamlayıb, birbaşa polkovnik-leytenant Əzimovun yanına yollandı.
Polkovnik-leytenant Əzimov cari işlərlə məşğul idi. Köməkçi Babayev Mübarizin onun yanına gəlmək istədiyini bildirdi. Əzimov Mübarizin dərhal onun yanına gətirilməsi barədə əmr verdi. Kabinetin qapısı açıldı, Mübariz astanada farağat vəziyyətdə dayanmışdı.
-Salam, cənab polkovnik-leytenant.
-Salam, Mübariz müəllim. Necəsiniz? Siz lap hərbiçilər kimi salamlaşırsınız. Bu müsbət qərar verməyinizə bir işarədir? Mən sizi düz başa düşdüm?
-Cənab polkovnik-leytenant, deyəsən məni qabaqlamağa çalışırsınız.
-Xeyr. Uzun müddət insanlarla işləməyim və intuisiyam belə düşünməyə əsas verir.
-İntuisiyanız sizi aldatmır, müsbət bir qərarla yanınıza gəlmişəm.
-Afərin! Mən sizdən yalnız müsbət və sağlam qərar gözləyirdim və belə də oldu.
Polkovnik-leytenant Əzimov müavini kapitan Abdullayevə zəng edib dedi:
-Mübariz müəllim yanımdadır, xahiş edirəm siz də gəlin. Sənədləri və əməliyyat planını götürmək yadınızdan çıxmasın. –O, telefonun dəstəyini asdı.
Beş dəqiqə ötməmiş Kapitan Abdullayev qapını açıb içəri daxil olmaq üçün izin istədi:
-Cənab polkovnik-leytenant, gəlmək olar?
-Buyurun, kapitan. Sənədləri gətirdiniz?
-Bəli, cənab polkovnik-leytenant.
Kapitan Abdullayev yazı masasının önündəki kresloda Mübarizlə üzbəüz əyləşib özü ilə gətirdiyi qovluğun içərisindəki sənədləri çıxartdı. O, Əzimovun növbəti əmrini gözləməyə başladı.
-Buyurun, kapitan Abullayev, xahiş edirəm, əməliyyat planının detalları ilə Mübariz müəllimi tanış edin. Biz ilk olaraq nədən başlamalıyıq?
-Cənab polkovnik-leytenant, sizin diqqətinizə çatdırım ki, ilk olaraq cərrahi üsulla Mübariz müəllimin çənəsindəki ət xalı götürmək lazımdır. Çünki, yaranın sağalması və əməliyyatın izinin itməsi üçün xeyli zaman lazımdır. Bununla paralel olaraq digər tədbirləri həyata keçirə bilərik.
-Kapitan, cərrahi əməliyyatın keçirilməsi üçün həkim briqadası seçilmişdir?
-Bəli, cənab polkovnik-leytenant. Təcili yardım xəstəxanasına müraciət etdik, tibb elmləri üzrə fəlsəfə doktorları ümumi cərrah Telman Əmirov və anestezoloq Abbas Bağırovu məsləhət gördülər. Əldə etdiyimiz məlumata görə hər ikisi öz sahəsinin peşəkarıdır.
-Cərrahi əməliyyatın vaxtı təyin olunub?
-Əməliyyatın vaxtının təyin edilməsini bizim öhdəmizə buraxdılar. Mən həkimlərlə əlaqə saxlayıb xahiş edərəm, əməliyyatı növbəti gün həyata keçirsinlər.
Hər üçü birlikdə əməliyyat planının digər detallarını müzakirə etməyə başladılar. Mübariz əməliyyat planına əsasən ilk olaraq fiziki hazırlıq və əlbəyaxa döyüş növləri ilə məşğul olmalı idi. Əlbəyaxa döyüş növləri ilə məşğul olmaq üçün xüsusi hazırlıq keçmiş idmançı-məşqçiyə ehtiyac vardı. Bu sahədə Mübarizin təcrübəsi nəzərə alınmış və ona tərəf-müqabili olmaq üçün ikinci bir idmançı dəvət edilmişdi. Bu idmançı dəfələrlə dünya və avropa çempionatlarının mükəfatçısı olmuşdu. İdmanla yanaşı müxtəlif silahlardan istifadə qaydalarını öyrətmək üçün digər təcrübəli mütəxəssis cəlb olunmuşdu. İntensiv məşqlərin əsas səbəbi hazırlıq prosesinin qısa bir zamanda tamamlanmasından ibarət idi.
Mübarizin işlə bağlı məsələləri rəhbərlik tərəfindən müvafiq qaydada tənzimlənmiş, hazırlıq prosesinə mümkün təsiri aradan qaldırılmışdı. Mübariz hazırlıq prosesinə vicdanla yanaşır, mütəxəssislər tərəfindən verilən tapşırıqları vaxtında və dürüst icra etməyə çalışırdı. Təsdiq olunmuş plana əsasən fiziki hazırlıq və peşəkar vərdişlərin əldə olunması üçün altı ay müddət müəyyən olunmuşdu. Məşqlər səhər saat səkkizdən nahar fasiləsinədək, iki saat fasilədən sonra axşam saat səkkizədək davam edirdi. Məşqlərin yorucu olmaması üçün fiziki hazırlığın ardınca əlbəyaxa döyüş növləri, sonda isə silahlardan istifadə qaydaları öyrədilirdi.
Artıq üç aylıq məşq prosesi arxada qalmışdı. Mübarizin xarakteri və professional vərdişləri təkmilləşmiş, əvvəlkindən xeyli fərqlənirdi. Çənəsində aparılmış cərrahi əməliyyatın izləri tamamilə itmişdi. Növbəti üç ay üçün təsdiq olunmuş əməliyyat planının detalları bir daha müzakirə olunub, bir sıra dəyişiklik edildi. Mübariz yeni plana əsasən nahar fasiləsinədək idmanla məşğul olmalı, professional vərdişlərini dahada təkmilləşdirməli, nahar fasiləsindən sonra isə gömrük buraxılış məntəqələrindən birində təcrübə keçməli idi. Belə qərara alınmışdı ki, bu təcrübə hava limanında həyata keçirilsin. Mübariz gömrük buraxılış məntəqəsində bir həftə təcrübə keçdikdən sonra bunun nə qədər düzgün qərar olduğunu anlamışdı. Bu təcrübə insanların psixologiyasını anlamaqda ona kömək etməklə yanaşı, həm də baş verən hadisələrə və ətrafa qarşı diqqətli olmağı öyrədirdi. İş günü ərzində yüzlərlə müxtəlif xarakterli insanlarla təmasda olurdu. Hətta adi iş günlərinin birində incəsənət əsərlərinin respublikadan çıxarılmasının qarşısını almışdı. Bir nəfər xarici vətəndaşın nəzarət xidmətindən keçən zaman özünü şübhəli aparması onun diqqətini çəkdi. O, yaxınlaşıb baqajı baxış üçün təqdim etməsini əcnəbi vətəndaşdan xahiş etdi. Şübhəli şəxs ingilis dilində Mübarizi başa düşmədiyini bildirdi. Onun ingilis dilində yaxşı danışmağını hiss edən Mübariz söhbəti ingilis dilində davam etdirib dedi:
-Xahiş edirəm, əşyalarınızı və çamadanı baxış üçün təqdim edəsiniz.
-Mənim bir çamadanım var. İçərisində paltar və şəxsi əşyalardan başqa heç nə yoxdur. Qanunla qadağan olunmuş heç nə aparmıram. –Əcnəbi vətəndaş bildirdi.
Mübariz təlimata əsasən baş verənlər barədə şöbə rəisinə məlumat verib, həmin şəxsin baqajına baxış keçirilməsi üçün hal şahidləri ilə birlikdə müvafiq otağa apardı. Nəticədə, kətan üzərində yağlı boya ilə işlənilmiş, dörd yerə qatlanmış və çamadanın dibində gizlədilmiş iki ədəd rəsm əsəri tapılaraq müsadirə edilmiş, həmin şəxs isə inzibati qayda da cərimə olunaraq azad edilmişdi. Gömrük məntəqəsinin rəhbərliyi polkovnik-leytenant Əzimovun ünvanına məktub göndərməklə yanaşı, Mübarizə təşşəkür etmişdi. Bu hadisə Mübarizdə ruh yüksəkliyi yaratmış və daha əzmlə çalışmağa sövq etmişdi. O, ötən dövrdə gömrük işinin incəliklərinə yiyələnmiş və bu sahədə xüsusi təcrübə qazanmışdı.
Altı aylıq hazırlıq prosesi arxada qalmışdı. Mübariz uzunmüddətli səfərə hazırlaşırdı. Nəhayət, müəyyən olunmuş vaxt çatdığı üçün o, Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola düşdü.
***

Rusiyanın cənub sərhədlərində yerləşən gömrük bura¬xılış məntəqəsində gərgin iş davam edirdi. Həmişə olduğu kimi normadan artıq mal keçirmək istəyən şəxslər qarışıqlıq salır, gömrük əməkdaşlarını çaşdırmağa, qanun pozuntusuna yol vermədiklərinə inandırmağa çalışırdılar.
Növbə rəisi iş otağında quraşdırılmış monitor vasitəsilə baş verənləri izləyirdi. Bir nəfər qadının xüsusi canfəşanlıq etməsi onun diqqətini çəkmışdi. O, hadisələrin cərəyan etdiyi sahəyə gəlib, qadını izləməyə başladı. Qadın diqqəti cəlb etməmək üçün özünü sakit aparmağa çalışır, amma buna nail ola bilmirdi. Növbə rəisi ona yaxınlaşıb müracıət etdi:
-Xanım, xahiş edrəm, mənimlə gedəsiniz.
-Hara?
-Sizin əşyalarınıza baxış keçirmək istəyirik.
-Bunun üçün bəyəm harasa getmək lazımdır? Buyurun mən çamadanımı açıram yerində yoxlayın. -Qadın çamadanı açıb boşaltmağa başladı.
Qadının getmək istəməməsi və əşyalarını tələsik ortaya tökməsi ona olan şübhələri bir qədərdə artırdı. Növbə rəisinin təkid etməsinə baxmayaraq qadın yerindən tərpənmək istəmir, müqavimət göstərməyə çalışır, yaxınlıqdakı insanlardan dəstək almaq istəyirdi.
Bu mənzərəni görən bəzi insanlar ona dəstək verməyə çalışır, qadından nə istəyirlər deyə, öz aralarında mızıldanırdılar. Növbə rəisi əlindəki rabitə vasitəsilə məlumat verdikdən sonra gözləməyə başladı. Bir qədər keçməmiş iki qadın əməkdaş növbə rəisinə yaxınlaşdı. Onlar qadının əşyalarını yığışdırıb şəxsi baxış üçün nəzərdə tutulmuş otağa apardılar. Gömrük əməkdaşları qadının etirazlarına baxmayaraq onun üst-başını axtarırdılar. Qadının üzərindən salafan paketə bükülmüş narkotik vasitə tapılmışdı. Hadisənin bu formada bitməsini gözləməyən aciz, çarəsiz qadın gömrük işçilərinə yalvarmağa başladı:
-Ərim vəfat edib. Üç uşağım var, onları dolandıra bilmirəm. Xahiş edirəm məni buraxın. Ömürümün sonuna qədər sizə dua edəcəm. Bir daha belə qanunsuz işlərlə məşğul olmayacam.
Gömrüyün əməkdaşları qadının yalvarışlarına məhəl qoymadan vəzifə təlimatlarına uyğun olaraq akt tərtib edib, sənədləşmə işlərini tamamladılar. Qadın yalvarışın bir fayda verməyəcəyini anlayıb, tərzini dəyişməyə məcbur oldu.
-Xahiş edirəm məni rəisin yanına aparın vacib məlumat vermək istəyirəm. –Qadın diz üstə çöküb yalvarırdı.
Əməkdaşlar qadının diz üstə çökdüyünü görüb idarə rəisinə qadının onunla görüşmək istəyi barədə məlumat verdilər. İdarə rəisi bir qədər fikirləşib qadını qəbul etməyə razılıq verdi. Qadın əməkdaşların müşayiətilə rəisin kabinetinə yollandı. O, kabinetə daxil olmamışdan əvvəl divara bərkidilmiş ingilis və rus dillərində «Növbə Rəisi Balayan Aşot Nersesoviç» sözləri yazılmış şüşə lövhəyə nəzər saldı.
-Cənab rəis, xahiş edirəm, göstəriş verin bizi tək buraxsınlar. Sizə vacib məlumat vermək istəyirəm.
-Vacib məlumatı əməkdaşların yanında vermək olmaz?
-Mən sizinlə üzbəsurət danışmaq istəyirəm.
-Buyurun. -Rəis əməkdaşların otağı tərk etməsi barədə göstəriş verdi.
Qadın bir qədər düşünüb, fikirini cəmləşdirdikdən sonra sözə başladı:
-Cənab rəis, sizin kabinetə daxil olmamışdan əvvəl, qapının üzərinə bərkidilmiş lövhəyə nəzər saldım. Bilirəm ki, milliyyətcə ermənisiniz. Diqqətinizə çatdırım ki, mənim ana babam erməni olub, ümumiyyətlə belə götürsək məndə erməni, tacik və əfqan qanı vardır. Ana tərəfdən bəlkədə biz qohumuq. -Qadın zarafat etməyə səy göstərdi.
-Sizin verəcəyiniz vacib məlumat bundan ibarətdir? Buna görə mənimlə görüşməyə can atırdınız? –Növbə rəisi qadının yersiz zarafatına kinayə ilə gülümsündü.
-Cənab rəis, əlbəttə, buna görə görüşmək istəməmişəm, bunları söz gəlişi dedim. Görüşmək istəməyimin əsas məqsədini indi sizə açıqlayacam.
Qadın söhbət etdikcə əl çantasından bəzi sənədlər çıxarıb rəisə təqdim edir, faktları əsaslandırmağa çalışırdı. Onların söhbəti yarım saata yaxın davam etdi. Rəis qadının sözlərinə və təqdim etdiyi sənədlərə inanmışdı. O, bütün məlumatların yazılı surətdə təqdim olunmasını qadından xahiş etdi. Qadın qonşu otaqda bildiyi faktları kağıza köçürüb əlindəki sənədləri əlavə etdi. O, sənədləri rəisə təqdim edib dedi:
-Cənab rəis, mən hesab edirəm sizə verdiyim məlumat etdiyim qayda pozuntusundan daha üstündür. Ona görədə xahiş edirəm, mənim haqqımda heç bir cəza tədbiri görmədən azad edəsiniz.
Balayan bir qədər fikirləşib qadının kontakt məlumatlarını götürdükdən sonra tapılmış mal müsadirə olunmaqla onun azad olunması barədə göstəriş verdi. Balayan həftə sonu Baş idarədə keçiriləcək iclasda qadının verdiyi ifadə barədə ətraflı məlumat vermək qərarına gəldi.
Balayan həftə sonu keçiriləcək iclasda iştirak etmək üçün hazırlıq görmüş, bir neçə səhifəlik çıxış hazırlamışdı. Əcnəbi qadının verdiyi məlumata və bununla bağlı görüləcək əks tədbirlərə geniş yer vermişdı. O, hazırladığı məruzəni həftənin beşinci günü bir daha nəzərdən keçirib, bəzi düzəlişlər etdikdən sonra tamamladı.
Şənbə günü iclasa qatılmaq üçün baş idarəyə yollandı. Balayan idarəyə çatarkən artıq xeyli əməkdaşın toplandığını gördü. O, köhnə tanışlarla salamlaşır, nəzakətlə hal-əhval tuturdu. Ön sıraların birində yer seçib əyləşdi. İclasa qatılmış əməkdaşlar öz yerlərini tutub iclasın başlamasını gözləyirdilər. Nəhayət Baş idarə rəisi və müavinlər iclas zalına daxil oldular. Rəis gətirdiyi sənədləri masanın üzərinə düzüb iclası açıq elan etdi. O, adəti üzrə giriş nitqi söyləyib sıra ilə struktur rəhbərlərinə söz verməyə başladı. İclas üç saatdan artıq davam etməsinə baxmayaraq Balayana söz verilməmişdi. Bu hamı kimi Balayan üçündə çox təəcüblü idi.
Gündəlikdə duran məsələlər müzakirə olunduqdan sonra iclas bağlı elan olundu. Əməkdaşlar yavaş-yavaş iclas zalını tərk edirdilər. Balayan yerində oturub çaş-baş qalmış və nə qərar verəcəyini müəyyən etməmişdi. Bu zaman rəisin köməkçisi ona yaxınlaşıb dedi:
-Aşot Nersesoviç, rəis xahiş etdi ki, onun yanına gələsiniz.
-Çox sağ olun indi gedərəm. -Balayan yerindən qalxıb uzun dəhlizdən keçərək sol tərəfə dönüb rəisin kabinetinə yollandı. Kabinetin qapısı açıq qalmışdı. Rəis televizora baxırdı. O, kənarda dayanıb icazə üçün rəisə müraciət etdi:
-Vladimir Vladimiroviç, gəlmək olar?
-Buyurun, Aşot Nersesoviç, mən köməkçidən xahiş etdim ki, sizi yanıma dəvət etsin.
-Vladimir Vladimiroviç, onsuzda yanınıza gələcəkdim, vacib bir məsələ barədə məlumat vermək istəyirəm.
-Aşot Nersesoviç, istəklərimiz üst-üstə düşür, mən də vacib bir məsələ barədə sizə məlumat vermək istəyirəm. İlk olaraq siz başlayın.
Balayan iclas üçün hazırladığı çıxışın qısa xülasəsini rəisə danışdı. Əcnəbi qadının verdiyi məlumatı xüsusi olaraq vurğulayıb hazırladığı əməliyyat planı barədə ətraflı məlumat verdi. Rəis ona sonadək diqqətlə qulaq asıb çıxışını tamamladıqdan sonra dedi:
-Aşot Nersesoviç, öz postunuzda səmərəli və vicdanla xidmət etdiyinizə görə təşşəkkür edirəm, lakin mən sizi başqa bir məsələ ilə əlaqədar dəvət etmişəm. Xahiş edirəm bu məktubda yazılanlarla diqqətlə tanış olasınız. -Rəis əlində tutduğu konverti Balayana uzatdı.
Balayan konverti alıb gözdən keçirdi. Məktub Ermənistan Respublikasından daxil olmuşdu. Məktubda qeyd olunurdu ki, «Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə agentliyi» yaradılmış və agentlikdə çalışmaq üçün xarici dil bilən, bu sahədə təcrübəsi olan əməkdaşlar axtarılır. Son olaraq xahiş olunurdu ki, Rusiya Fedarasiyasının gömrük orqanlarında çalışan erməni əsilli əməkdaşlara bu barədə məlumat verilsin və onların işə cəlb olunmasında müvafiq köməklik göstərilsin. Balayan məktubu geri qaytarıb dedi:
-Vladimir Vladimiroviç, belə başa düşürəm siz məndən yaxa qurtarmağa çalışırsınız, bunu sizdən gözləməzdim.
-Aşot Nersesoviç, əsla yox. Siz əvəzolunmaz və nümunəvi əməkdaşlarımızdansınız. Xahiş edirəm məktubun üzərindəki tarixə diqqət yetirin. Məktub idarəyə altı ay bundan əvvəl daxil olub, sizi itirmək istəmədiyimiz üçün gözləmişik. Lakin sizin vətənə dönmək arzunuzu və yeni agentlik yaradıldığını nəzərə alıb orada daha faydalı ola biləcəyinizi düşünürəm. Sizin agentliyin rəhbərliyində təmsil olunmağınızı tövsiyə etmiş və müsbət xasiyyətnamə hazırlamışıq.
-Vladimir Vladimiroviç, mən bu təklif barədə düşünə bilərəm, yoxsa məsələ artıq həllini tapmışdır?
-Xeyr, sizin qərarınız olmadan məsələ həllini tapa bilməz. Əlbəttə, düşünün, ancaq heç kimlə məsləhətləşməyin. Çünki ətrafdakı insanların rəyi həmişə çaşqınlıq yaradır. Bildiyim qədər sizin buralarda qohumlarınız yoxdur, özünüzdə subaysınız, yerdə qalanların isə elə bir əhəmiyyəti yoxdur.
-Vladimir Vladimiroviç, düz deyirsiniz. Məni babamla nənəm böyüdüb, onlar dünyalarını dəyişdikdən sonra tək qalmışam. Başqa qohumlarım yoxdur, özüm də subayam. Tezliklə evlənəcəyim barədə sizə söz verirəm.
-Aşot Nersesoviç, bir məsələni qeyd etməyi özümə borc bilirəm. Müsbət qərar verəcəyiniz halda bir həftədən sonra avropa ölkələrindən birinə ixtisas artırma kurslarına yollanacaqsınız. Altı aylıq kursu bitirdikdən sonra yeni işə başlamaq üçün birbaşa İrəvan şəhərinə yola düşəcəksiniz. Mən indidən sizə yaxşı yol arzu edirəm.
-Vladimir Vladimiroviç, çox sağolun. Bir haldakı belə məsləhət görürsünüz onda siz deyən olsun, mən getdim təhvil-təslim işlərinə hazırlaşım.
Hər ikisi ayağa qalxıb mehribancasına görüşüb xudahafizləşərək ayrıldılar. Balayan evə çatana qədər qərarını götür qoy etdi. Nə etmək olar, bəlli bir səviyyəyə çatdıqdan sonra vətənə də xidmət etmək lazımdır. İndiki işimlə təklif olunan mövqeni əldə etmək üçün ən azı on il çalışmalıyam. Yerində və zamanında olunmuş təklifdir. Bəlkədə ömrümün sonunadək mənə belə təklif gəlməyəcək, ona görədə ələ düşmüş fürsəti dəyərləndirmək lazımdır. O bir daha düzgün qərar verdiyini düşünüb özünü sakitləşdirdi.
***

Moskvadan havaya qalxmış təyyarə Budapeştin Ferensa Lista beynəlxalq hava limanında eniş etdi. Təyyarə dayanacağa yerləşdikdən sonra Balayan çantasını götürüb çıxışa yollandı. Baqajı götürmək, pasport nəzarətindən keçmək bir saata yaxın vaxt apardı. Nəhayət, küçəyə çıxıb taksiyə əyləşdi. Əlindəki ünvanı taksi sürücüsünə göstərib onu mehmanxanaya aparmasını xahiş etdi. Balayan taksinin pəncərəsindən ətrafa baxır, dodaqaltı zümzümə edirdi. Nəhayət, mehmanxanaya çatdılar. O, mehmanxanaya daxil olub ikinci mərtəbədə onun üçün bron edilmiş otağa qalxdı. Dörd ulduzlu mehmanxana olmasına baxmayaraq otaq səliqəli və komfortlu idi. O, çamadanı açaraq paltarlarını səliqə ilə asıb əşyalarını yerləşdirdi. Sonra duş qəbul etmək üçün vanna otağına keçdi. Yuyunduqdan sonra saçını qurulayıb güzgünün önündə bir qədər özünə tamaşa etdi. Gicgahında ağarmış saçlar görsənirdi. Balayanın otuz yaşı yaxınlarda tamam olmuşdu. O, Ermənistanda anadan olmuş, hərbi xidməti Russiyanın cənubunda keçmişdi. Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdı. Hərbi xidmətdən sonra qalıb işləməsinin əsas səbəbi onu böyüdüb həddi buluğa çatdıran nənəsi ilə babasının dünyalarını dəyişməsi olmuşdu. Onlardan başqa Balayanın kimsəsi yox idi. Çünki babası onu uşaq evindən götürmüşdü. Balayanın on yaşı olanda uşaq evindən götürüldüyünü bilmişdi. Bütün bunlara baxmayaraq o, babası ilə nənəsini çox sevirdi.

Davamı var...