SÖZ MƏQAMI OLAN TAPDIQ ƏLİBƏYLİ » Memur.az

SÖZ MƏQAMI OLAN TAPDIQ ƏLİBƏYLİ

SÖZ  MƏQAMI OLAN TAPDIQ ƏLİBƏYLİ


















Qədərincə tanınmış şair-publisist Tapdıq Əlibəyli ilə tanışlığımız “bineyi-qədimə” gedib çıxır. Düşünürəm, haradan başlayım ki, dostum, qonşum, ziyalı haqqında yazacağım fikirlər yerli-yataqlı olsun... Çünki Tapdıq Əlibəyli imzasını, adını şəxsiyyət, mənəviyyat adamı olaraq şərtləndirən, səciyyələndirən bir neçə məqam vardır: səmimi, xeyirxah insan, sədaqətli dost, gözəl ailə başçısı, mehriban qonşu, etibarlı yoldaş, müdrik ağsaqqal, dəyərli ziyalı, vətənpərvər vətəndaş, dərin məlumatlı, səriştəli jurnalist, gözəllikləri gözünə-könlünə köçürən könül adamı, ruhunu tükənməz Tanrı sevgisi sarmış bəndə, söz məqamı olan şair.
Tapdıq Əlibəylinin söz məqamından danışarkən Şərq poeziyasında lirik şair, qəlb şairi, məhəbbət şairi kimi tanınan Məhəmməd Füzulinin sözün qüdrəti, məna gözəlliyi haqqında yazmış olduğu “Söz” qəzəlini xatırlayıram:

Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.

Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

Deyildiyi kimi, gözəl və mənalı söz insanın mənəvi aləminin zənginliyini, onun mərifətini göstərir. Tapdıq Əlibəyli isə əbəs yerə demir:

İçimdə büdrəyəndə,
Əlimdən yapışdı Söz.
Qəlbimə söz dəyəndə,
Ruhumda alışdı Söz.

Şair başqa bir şeirində isə sözdə Tanrı nişanəsinin olduğunu vurğulayır:

Söz demərəm sözgəlişi,
Mən ki sözün pərvanəsi.
Şeir - bir ruh, könül işi,
Sözdə Tanrı nişanəsi.

Tapdıq Əlibəyli ilə bağlı bir məqamı da məxsusi vurğulamaq istəyirəm. Müəlifi olduğum, 1980 - 1990-cı illər Azərbaycan poeziyasının keçdiyi yola işıq tutan “Ayağa dur, Azərbaycan” (2002-ci il) adlı kitabımla bağlı yazdığı elmi-publisistk məqalə onun həm milli təəssübkeşliyini, vətənpərvərliyini həm də peşəkar publisist olmasını bir daha bariz təsdiqləyən faklar sırasındadır. Bu, həm də onun dostlarına, qələm yoldaşlarına qarşı olan həsas yanaşma, diqqətinin nəticəsi kimi də örnək haldır. O, dost uğuruna öz uğuru kimi baxır...
Tale belə gətirib ki, dostumla sonradan həm də qapıbir qonşu olduq. Təbi ki, bu qonşulq bizi daha da bir-birimizə bağladı. Bir el deyimində deyildiyi kimi: “Qonşu haqqı - Tanrı haqqı”.
Artıq mən onun ovladları (iki oğul) ilə də yaxınam. Əzizlərimdir. Onların əxlaqı, tərbiyəsi, mədəni davranışı, mehribanlığı, səmimiliyi bir dost kimi məni sevindirir. Bu keşməkeşli, yad dəyərlərin cəmiyyətə, həyatımıza sirayət etdiyi bir dövrdə belə gənclərin olması əlbəttə ki, qürürvericidir.
Deyərdim ki, indiki zəmanədə sözün birbaşa mənasında “paqonlu” ata, baba olmaq hər kəsə nəsib olan deyil. Tapdıq müəllim bu baxımdan örnək olan bir şəxsiyyətdir. Axı el evdən başlanır... El hörməti qazanmış şairimizin necə deyərlər, ev məqamı da möhtərəmdir.
Bu səmimiyyət, ülvi cəhətlər elə onun şeirlərinə də hopub. Özü kimi sözündə də bir dağ saflığı var Tapdıq Əlibəylinin. Şeirlərini oxuduqca durulursan. Özünün təbirincə desək: “Duruldum bulağın duruluğundan”... Bu duruluq, saflıq onun şair xislətindədir. O xislət ki, şair Tapdıq Əlibəylini söz məqamına ucaldıb. Məqamın mübarək, Şair!
60 ilik yubileyin mübarək, dəyərli qonşu, əziz dost, şair qardaşım! Sənə can sağlığı, yaradıcılıq uğurları diləyirəm, söz məqamı, öz məqamı olan şair Tapdıq Əlibəyli!

ANAR VƏZİROĞLU,
filologiya elmləri üzrə fəlsəfə doktoru,
Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü,
“Addım” qəzetinin və “Addım. az” saytının baş redaktoru.

SÖZ  MƏQAMI OLAN TAPDIQ ƏLİBƏYLİ