"PAYIZ ÇÖHRƏSİNDƏ YAZDI 44 GÜN" ÜN İŞİĞINDA DÜŞUNCƏLƏR » Memur.az

"PAYIZ ÇÖHRƏSİNDƏ YAZDI 44 GÜN" ÜN İŞİĞINDA DÜŞUNCƏLƏR

"PAYIZ ÇÖHRƏSİNDƏ YAZDI 44 GÜN" ÜN İŞİĞINDA DÜŞUNCƏLƏR


































“Payız çöhrəsində yazdı 44 Gün” kitabını vərəqləyirəm. Şeirləri oxuduqca, fikirlərim haçalanır, şairin haqq səsini duyur, vətən harayını eşidir, zəfər ovqatını yaşayıram. Halal könüldən çeşmə kimi çağlayan misraları oxuduqca sözün məsuliyyətini dərk edən, sözün şərəfini çiyinlərində sevgiylə daşıyan bir şair canlanır gözlərimin önündə.
Ədəbiyyat aləmində kifayət qədər tanınan və sevilən Tapdıq Əlibəylinin şeirlərini, yaradıcılığını təhlil etmək, dəyərləndirmək deyil məqsədim, “Payız çöhrəsində yazdı 44 Gün” kitabı ilə bağlı düşüncələrimi bölüşmək istəyirəm sadəcə.
Əvvələn, onu deyim ki, çox dəqiq və uğurla ad seçib kitabına Tapdıq Əlibəyli. Adın özündə poeziya var, musiqi var. Payız fəslində yazı görmək, yazı hiss etmək şair fəhmidir.
Payız həm ilin, həm də fəsillərin hesabatıdır. Bəhrəsiylə, barıyla, insanlara bəxş etdiyi halal varıyla payız fəsillərin ən müdrikidir. Qış gecələrinin nağıllarından yazın gül-çiçəkli çal-çağırından, yayın qızmarından yoğrulub payız. Bu kitab da ömrünün payız çağını yaşayan Tapdıq Əlibəylinin vətənə, torpağa, oxucularına hesabatıdır. Müdrik bir ağsaqqalın demək istədikləridir, nəsihətləridir, öyüdüdür, baş verənlərə şair fəhmi ilə verdiyi dəyərdir, qiymətdir.
Şeirləri oxuduqca misralar mənə o qədər doğma, o qədər səmimi və işıqlı gəlir ki, əcaba, bu doğmalıq, yaxınlıq hardandı görəsən? Nə vaxtsa oxuduğum bir fikir yadıma düşür: “Şairi tanımaq, duymaq üçün gərək gedib onun vətənini görəsən.” Axı ikimiz də eyni yurdun, eyni bölgənin, eyni torpağın, cənublu-şimallı Azərbaycanın göbəyində yerləşən Yardımlının övladlarıyıq.
İllərdir yazır, yaradır Tapdıq Əlibəyli. İstedadlı şairdir. Tanrıdan payı olan şairdir. Könlü doğma yurda, ana torpağa məhəbbətlə köklənmiş şairdir:

Bürüsə də duman, çən Qarabağı,
Zəfər çiçəklədi bağrının dağı.
Yadda boz illərin çiskin-sazağı...
Payız çöhrəsində yazdı 44 Gün.

Yuxarıdakı hər misranı ilhamla qələmə almışdır Tapdıq Əlibəyli. Uğurlu misralardır. Səbəbi dilindəki obrazlılıq, sadəlik və təbiilikdir.
Dünya onsuz da lap əvvəldən hiyləgər dünyadı, gidi dünyadı. Pozuldu dünyanın ahəngi də, rəngi də. Ağlımıza gəlməyənlər başımıza gəldi də. Qarışıq işlər, dolaşıq siyasətlər baş alıb gedir. Belə bir vaxtda müdrik və qətiyyətli, uzaqgörən dövlət rəhbərimizin əvəzolunmaz rolunu səmimi misralarla oxucuya çatdırır Tapdıq Əlibəyli:

Xilaskar Ordunun çarpan ürəyi,
Millətin, dövlətin məslək - diləyi,
Zəfərə aparır qətiyyət - səyi!..
İlham Heydər oğlu - Şanlı Sərkərdə!
Baş verənlərə, erməni faşistlərinin törətdikləri vəhşiliklərə, faciələrə şair kimi biganə qalmır. Yaralı qəlbinin harayı hər misrada eşidilir:

Ana torpaq tikə-para,
Neçə tale olub qara...
Ruhum məni çəkib dara
Azad Vətən yanğısıyla.

Tapdaqdadı düzüm, qayam,
Uzadılmış “oyundayam”,
Mübarizə yolundayam...
Azad Vətən yanğısıyla...
"PAYIZ ÇÖHRƏSİNDƏ YAZDI 44 GÜN" ÜN İŞİĞINDA DÜŞUNCƏLƏR
T.Əlibəyli müharibə və siyasi mövzularda yazdığı şeirlərində gənclərimizin zaman, tarix qarşısındakı məsuliyyət hissini rəngarəng bədii vasitələrlə ifadə edir. Aşağıdakı kövrək misralar vətəndaşlıq ağrısından yaranan misralardır:

Titrətdi qəlbmi cəsur komanadir:
- Tapdaq altındasa vətən torpağı,
Kəfəndir əynimə geydiyim mundir...
Səcdəm, qibləgahım - Zəfər bayrağı...

Azərbaycan əsgərinin mətanəti, sədaqəti, düşmənə nifrəti onun şeirlərinin əsas mövzusudur. Hər misrada şair ürəyinin döyüntüsü hiss olunur:

Qarabağ bağrında barıt nəfəsi,
Yarımçıq arzular səngərindədir...
Hələ ki sussa da tankların səsi,
Vətənin nicatı əsgərindədir...

Xalqımızın çəkdiyi ağrı-acılar, torpaq həsrəti, baş verən haqsızlıqlara dözməyən şair ürəyi üsyan edir, qələminin gücü ilə ürəyini boşaldır:

Çadırda dünyaya gələnlər də var,
Hələ ki öyrənir körpə sirrini,
Qorxuram böyüyüb yurd yeri sanar,
Dünyaya gəldiyi çadır yerini...

Azadlıq eşqiylə coşur həvəsi,
Bülbül nalə çəkir baglı qəfəsdə.
Çadır şəhərciklər qəm düşərgəsi,
Köçənlər çəkirlər ah... son nəfəsdə.
T.Əlibəyli yaradıcılığı təmizliyə, duruluğa xidmət edir. Çünki şairin rihu da duru və diridir. Dünya dəyərlərinin gözdən düşməsi, haqqın, ədalətin boğulmasını görən şairin ruhu sızlayır, “qəriblik çəkir”:

Bürdü dünyanı kədər nəğməsi,
Artdı qəlb evimin qəmə həvəsi.
Haqqın, ədalətin gəlmirsə səsi,
Qəriblik çəkəcək ruhum hələ də

Dünyam sığmayanda gidi dünyaya,
Ucalmaq istədim günəşə, aya,
Tutsam da üzümü Ulu Tanrıya...
Qəriblik çəkəcək ruhum hələ də.

Dünyaya sığmayan şairin nicat kimi göylərə pıçıldadığı dualardır bu misralar...
Şairin “Payız çöhrəsində yazdı 44 Gün” kitabında toplanan şeirlərində doğma Vətənə, Ana torpağa övlad məhəbbətindən yoğrulan misralar üstünlük təşkil edir. Həmin misralar insanları qoçaq, vətənpğrvər, cəsarətli və qorxmaz olmağa səsləyir:

Yoğrulub Bayrağım şəhid qanından,
Şəhidlik sorağım gəlir sanımdan!
"Ana Vətən!.." deyib keçdi canından...
Məqamın mübarək, Mahir Səfərov!

Şəhid qanı ilə suvarılan torpaqlarımız müqəddəsdir. Aşağıdakı misralar şairin ürək çırpıntılarıdir. Bu sətirlərdə sevinc də var, kədər də. Sevgi də var, nifrət də!..

Şəhid zirvəsinə aparan yollar -
Torpğın qüdrəti, elin qeyrəti.
Vətənə can qurban verən oğullar
Qanıyla göyərdib yurd məhəbbəti.

T.Əlibəylinin şeir dili səlis və rəvandır. Bu şeirləri oxuduqca təmizlənirsən, rahat olursan. Lirizm, emosionallıq, yığcamlıq by şeirlərin mayasıdır:

Haqq yolu Şuşaya sarıdı,
Gözümün kokü ki saraldı...
Yaramı bu yollar sarıdı,
Şuşaya yol gedir, yol gedir!..

Torpaq uğrunda müzəffər mübarizədən, ordumuzun hər şeyə qadir qüdrətindən yazsa da, şairin sülh arzusu şeirlərindən qırmızı xətt kimi keçir. Gəncliyə, onun işıqlı gələcəyinə olan inamı və sevgisi hər sözdə, hər misrada aydınlığı ilə nəzərə çarpır.

Ordumun müzəffər, haqq səsi gəlir,
Qələbə qoxulu nəfəsi gəlir...
Allahın da xoşu, həvəsi gəlir,
"İrəli!" marşından Azərbaycanın!

Gəncliyə ağsaqqal öyüdü kimi səslənir hər misrası. Dünənimizi unutmağa haqqımiz yoxdur. İşıqlı sabaha aparan yolu görməli, qədrini bilməliyik. Bulanıq suların durulması, mənəviyyatımızın yenidən qurulmasını arzulayır Tapdıq Əlibəyli. Çıxış yolunun xalqın birliyində olduğunu vurğulayır.

Üçrəngli Bayrağım -
Hürriyyət sorağım!
İstiqlal yolunda
Əqidə çırağım!

Ay - ulduz şöləsi -
Aydınliq, haqq səsi...
İşığın gur olsun,
Ey Odlar ölkəsi!

Kitabı oxudum. Bir daha əmin oldum ki, şairlik ən çətin sənətdir. Şair bunu çox gözəl anlayır. Bu yükü çiyinlərinə almaqdan qorxmur. Mən də T. Əlibəylinin bu yükü şərəflə daşıyacağına inanıram.
Kitabı oxudum! Yəqin etdim ki, şair nədən yazırsa, onun qəhrəmanı insandır.
Vətənini, dövlətini, torpağını, tarixini, bu gününü sevən və gələcəyinə inanan insan.
Bir də hiss etdim ki, T.Əlibəyli nədən yazdığını da gözəl bilir, necə yazdığını da...
Kitabı oxudum.T. Əlibəyli ilə həmsöhbət olduq, dərdləşdik. Fikirlərimiz oxşar oldu, fərqli də...
Sevincimiz, kədərimiz birdisə, yolumuz da, yönümüz də birdir! Bu yolun sonu işıqdır! Bu yol vətənin azadlığından, dövlətimizin müstəqilliyindən, xalqın birliyindən keçir!
Yolun da, yönün də mübarək olsun, qardaşım!..

MEHMAN MAYILXANLI,
filoloq, qiraətçi.


"PAYIZ ÇÖHRƏSİNDƏ YAZDI 44 GÜN" ÜN İŞİĞINDA DÜŞUNCƏLƏR