POETİK SÖZ SAHİBİ » Memur.az

POETİK SÖZ SAHİBİ

POETİK SÖZ SAHİBİ
1978-ci il. Sentyabrın 1-i. Bakı, Ketsxoveli küçəsi 102. Bu ünvan bizi birləşdirəcək APİ-nin Filalogiya fakültəsinin yerləşdiyi korpusdur. Tələbə biletlərimiz cibimizdə, ürkək, vid - fasonuna "əl gəzdirilməmiş" kənd uşaqları. Bəli, bir-bir toplaşırıq bu məbədə. Sıra düzülüşündən sonra bəlli olur ki, mən 144-cü qrupa düşmüşəm. Vaxt tamama yetir, səhv eləmirəmsə, 207- ci auditoriyaya daxil oluruq. 3 qrup, 3-cü patok (143,144,145) Elə bil, “144” bir- birini çoxdan tanıyırmış kimi otağın bir tərəfində cəmləşir. Tənəffüs, ilk dərs günü bitir və hər kəs öz ünvanına yollanır. Axı şəhəri hələ tanımırıq. Səhəri, birisi günü artıq tamam-kamal dostlar kimi bir-birimzi itirib-aramağa başlayırıq.
Sentyabrın sonunda Bərdə rayonunun Sirvanlı - Dəymədağlı kəndinə pambıq yığımına yola düşdük. İki aya qədər davam edən pambıq yığımı bizi, deyim ki,g özlədiyimizdən daha çox bir-birimizə yaxınlaşdırdı. Tale elə gətirdi ki, mən də 4 nömrəli yataqxanaya daşınası oldum və Tapdıqla bir otaqda qalmalı olduq. Həmin otaqda kecirdiyimiz günlər və tələbə yoldaşların bu gün də ürəkdən gülüşünə səbəb olan məşhur dialoqlarımız yarandı. Bu söhbətimiz yerimizdən durub dərsə getmək zamanı baş verərdi. Bax beləcə günlərimiz davam edirdi. 1- ci kursun sonunda Moldova Respublikasının Tiraspol rayonuna Tələbə İnşaat Dəstəsinə yola düşdük. Bir-birini əvəz edən maraqlı günlər bizi doğmalaşdırdı, yoldaşlıq, dostluq, bir -birinin qədir-qiymətini bilmək kimi insani məziyyətləri bizə diktə edib öyrətdi. 2- ci kursada yenə səninlə- gələcəyin söz sərrəfı, şair Tapdıqla bir otaqda qalmalı olduq.POETİK SÖZ SAHİBİ
Zaman kećir, vaxt dolanır, bəlli olmayan müəyyən səbəblər insanı bir-birindən ayırır. Biz də ayrıldıq. İş,müəyyən qayğılar, əslində elə də əsaslı olmayan səbəblər əlaqə saxlamağa imkan vermir, belə deyim. Sonra mobil telefonlar, elə bil, ikinci cəbhə acdı, əlaqələrimiz bərpa olundu. Buna şükr edirəm! Artıq bu o zaman idi ki, mənim tələbə yoldaşım, otaq yoldaşım, Yardımlıdan bürzümbüllü Tapdıq Əlibəyli cild-cild əsərlərin müəllifi, poeziyamızda poetik söz sahibi idi
Hə, publisist, şair, tənqidçı, naşir, redaktor - bütün bu ayrı-ayrı sahələrdə görünmək, özünü təsdiq etmək, söz sahibi olmaq, qaynar paytaxt mühitində bir kənd adamının təfəkkür tamlığından xəbər verir. Mən Bürzünbülə həsr olunan şeiri oxuyanda bu balaca dağ kəndini Bütöv-Böyük Azərbaycan simvolunda gördüm.
T.Əlibəyli vətəndaş şairdir. Özünə, zəmanəmizin əql-kamal sahiblərinə, ağsaqqallığı haqq etmiş insanlarına diqqət göstərən yazıları ilə oxucusunda müsbət təəssürat yaratmaq bacarığına malik ziyalıdır. Yaradıcılığında ziyalılara, xüsusən ömrünü elinin, xalqının inkişafına, fəaliyyət göstərdiyi sahələrdə vətəndaşlıq mövqeyi sərgiləyən fəaliyyətlərini qabarıq səkildə qələma alan sənətkardır. Tapdıq müəllim Tanrıya tapınan, irfani aləmin vəsfinə, inanclara sadiq qalan, dininə, əqidəsinə bağlı olmaqla insanı insanlıq məfkurələrinə əməl etməyə dəvət edir.
Sənatkar bütun yaradıcılığı üçün spesifik olan bir xətti davam və inkişaf etdirir: klassika və müasirlik. Ənənə sadiqliyi və novatorluq. Tapdıq müəllim sözün molekulyar incəliklərinə qədər onu oynada, oyada bilir, yeni anlamda don geyindirir, oxucusunu sərvaxt olmağa vadar eləməyi təlqin edir və bu onda alınır.
Yaşadığımız zaman kəsiyi - hadisələr zəngin, rəngarəng və spesifikdir. Şair deyim ki, oxucunun qəlb aclığinı görür, duyur, onu özü ilə bərabər bu qayğiların içərisinə aparır. Son hadisələr - qürur tariximiz olan 44 günlük şərəf davamız T. Əlibəyli yaradıcılığının mayasına hopdu. İzləyirdim, gündəlik zəfər müəllifləri olan. döýüşən ordunun qartalları - qazisi, ŞƏHİDİ, əsgər-zabiti, bütövlükdə XALQI əsərlərinin qəhrəmanı kimi mədh olunurdu. Qələm sahibləri içərisində, bildiyim qədərincə, T.Əlibəyli qədər bu müharibəni bədii sözlə işıqlandıran söz adamı tanımadım (məhsuldarlıq nöqteyi-nəzərdən tanıyan varsa, desin).
Bəli, mən qısa bir yazı ilə tanıdığım bir dostum, tələbə, otaq yoldaşım haqqında urək sözlərimi bölüşdüm. Qardaş, 60-ı tamamlayırıq. Arzularım: qələmin iti, zəkan açıq olsun. Ailə səadəti, oğul-uşaq, nəvə-nəticə barı dadmağını arzulayıram. Tapındığın Tanrın yar və yardımçın olsun. Bu da mənim 60-ına gücüm yetən söz hədiyyəm. Bağrıma basıram!..

ƏMİR HÜSEYNLİ,
Şamaxı rayon Ağadur Qəhrəmanov adına
Nağaraxana kənd tam orta məktəbinin dil-ədəbiyyat müəlimi.

POETİK SÖZ SAHİBİ