ALLAHA TAPINAN SÖZ ADAMI » Memur.az

ALLAHA TAPINAN SÖZ ADAMI

ALLAHA TAPINAN SÖZ ADAMI








































Eşidəndə ki, əziz tələbə yoldaşım, əvəzsiz dost, söz adamı, şair Tapdıq Əlibəylinin 60 illik yubileyi ilə bağlı kitab hazırlanır, mən də “silahıma” sarılaraq ona layiq ola biləcək sözün “ovuna” çıxdım. Axı söz əhlindən-şairdən yazı yazmaq, söz demək adamdan çox böyük məsuliyyət tələb edir! O an bir insan ömrünə bərabər 44 ilin arxasına keçib üzübəri boylandım. Gözlərimin qarşısından kino lenti kimi nələr keçmədi?! Tələbəlik illərinin ilk günlərindən başlayaraq Bərdə rayonunda pambıq yığımında iştirakımız, tələbə inşaat dəstəsində uzaq Moldovadan unudulmaz xatirələr, Dərnəgüldəki tələbə yataqxanasında eyni otaqda yaşadığımız xoş günlər, qayğısız, şən tələbəlik həyatımız və nələr, nələr...
Mən bu yazını hazırlayarkən Tapdıq Əlibəylini həyatda aramızda axtardım, aradım; şeirlərində isə:

Sənə sığınıram, Gözəl Allahım!
Lütf et , görə bilək Gözəllikləri...
Sənin əmanətin – göz...əl , Allahım!
Kaş dərk edə bilək Əzəl-ilkləri...
və ya ...
Şairlər vurnuxur yer – göy üzündə ,
Ruhunu oxşayan sözlə ovunur .
Düzünü söyləyir , qalsa da düzdə...
Özünün odunda sözü qovurur

kimi misralarının məna və məzmununda öyrənməyə çalışdım.
Tapdıq müəllimi yoldaşlıqda mehriban və səmimi, dostluqda çox sədaqətli gördüm. Onun özünəməxsus həyat və yaradıcılıq prinsipləri var. Ümumbəşəri, milli, hətta etnik dəyərlər onun qanına hopub və bu dəyərlərə həmişə sadiqdir.
Söz ondan ötrü bir dəyərdir, ölçüdür. Məmməd Araz:

Məni-şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa ona demişəm;
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan , qələmdən gizlətməmişəm ,-deyir.

Tapdıq Əlibəyli də öz sələfi və ustadı bildiyi M. Araz kimi bütün duyğu və düşüncələrini, yaşantılarını, mən deyərdim ki, lap şəxsiyyətini misralarında kodlaşdırıb. Onu dərindən tanımaq istəyən şeirlərini misra-misra, söz-söz analiz etməlidir.
Əziz dostum, bu yazını hazırlayərkən, şeirlərinə bir daha yenidən baş vurdum. Tam səmimi şəkildə etiraf edim ki, məni heyrətləndirdin! Sənin nümunə kimi xatırlatdığım aşağıdakı misralarında:
Xilqət gəlişiylə sirli - soraqlı ...
Agah etmək üçün nazildir Quran.
Əli dəstəmazlı, ağzı dualı,
Əzəldən əbədə yol gedir insan. ...

…Sənə sığınıram, Gözəl Allahım!
Yaxamı tutmaqdan, əlimi Tutan!
Tövbə qapın açıq - varsa günahım ...
Ünümə Yetişən , dadıma Çatan!
ALLAHA TAPINAN SÖZ ADAMI
səni nə qədər müdrik, arif və sərraf gördümsə, bir o qədər də səmimi və təvazökar gördüm. Bu qədər günahlara mürtəkib olan lirik qəhrəmanın yaxasından tutub silkələmək, səbəbini soruşmaqdansa, onun əlindən tutana - mütləq gözəlliklər sahibi olan Allaha şövq və məhəbbətlə sığınmaq, onu sevə-sevə tərənnüm etmək müəllifin hansı kamal sahibi olduğundan xəbər verir. Şeirdə ən çox xoşuma gələn cəhətlərdən biri də budur ki, Əlimi tutan, Ünümə Yetişən, Dadıma Çatan kimi ifadələr Allahın simvolu kimi verilir. Həmişə fəxr və məhəbbətlə ŞAİR ,-deyə müraciət etdiyim Tapdıq Əlibəyli ömrünün mənasını, dəyərini, qiymətini bilən və qiymətləndirən bir insandır, dünyaya nə üçün gəldiyinin fərqində olan dostdur. O, səssiz-səmirsiz yaşamağı qətiyyən xoşlamır, insanların sevinc və kədərlərinə şərik olmaq onun xislətindədir.
Mücahid şairimiz Xəlil Rza Ulutürkün:

Mənim bir az rəhmim gəlir sağlığında ölənlərə,
Öz əli , öz ayağıyla qəbristana gələnlərə,
İnsan adlı ucalıqdan yavaş-yavaş enənlərə,
Günəş kimi doğulmuşkən, kor çırağa dönənlərə,-

misraları Tapdıq Əlibəylidən ötrü, sanki bir vəsiyyədir. O da izsiz yaşamağı xoşlamır, daim həqiqətin yanında, nahaqqın qarşısında olmağı bacarır.
T. Əlibəyli həm də cox səxavətlidir. O, dostlarının və çevrəsində olan adamların uğurlarına sevinir, sosial şəbəkə və digər mətbuat orqanlarında “Alim idrakı, şair ürəyi” , “Afaq Nəbiqızının qeybdən gələn səsi”, “Sözümün canı”, “Bütöv Azərbaycan olmalıyam mən”, “Üzümü söykəyib göyün üzünə”, “Dönüb abidəyə el yaddaşında”, “Duyğuların şəfəqləndiyi poeziya”, “Sənət ecazkarlığı”, “Nəsihət ruhlu poetik çələng”, “Əhdə xilaf , sözə dönük çıxmaram”, “Cahana sığmayan sözə sığındı” sərlövhəli yazıları ilə İsa Hüseynoğlu, Afaq Nəbiqızı, Səyadulla Kərimli, İbadi Öməroğlu, Eldar İsmayıl, Sabir Abdin, Səfər Verdiyev, Əyyub Sabiroğlu, Məzahir Cəlilov, Füzuli Vəliyev, İsrafil Hüseynov və başqa müasirlərinin yaradıcılığına işıq tutur, onları öz oxucularına sevə-sevə təqdim edərək çox böyük xeyirxah bir iş görür.
İslam dininin prinsipləri prizmasından baxanda Tapdıq müəllim həmişə iba-dət halında görünür: yaradanımızı onun lütfünə sığınaraq vəsf etmək, insan, insanlıq, xeyirxahlıq, humanist ideyalar və başqa ümumbəşəri mənəvi dəyərlər haqqında düşüncələrin qoynunda olmaq, kiminsə əlindən tutmaq, kiminsə acısına yanmaq elə ibadətdir!
T.Əlibəylinin poeziyası mündəricə etibarı ilə rəngarəngdir. Onun şeirlərinin bir qismi klassik ədəbiyyatımızın ənənələrindən gələn irfan qiyafəsinə bürünüb, panteist-fəlsəfi bir ruh daşıyır, onlarda metafizik dərk və düşüncə tərzi önə çıxır. Belə şeirləri isə hər oxucu həzm edə bilmir, onu yalnız hazırlıqlı oxucular dərk edərək qəbul edirlər. O, hikmət dolu sözlərini arif hesab etdiyi öz oxucularına təqdim edərək, “bağbanı bağının barından tanı”mağa dəvət edir:

Arif sayılıbdır söz xridarı,
Tapdıq, kökdə olmaz hər könül tarı.
Sözünü eşitsin söz qanan barı...
Bağbanı bağının barından tanı.

Bu baxımdan, şairin iç dünyasına bələd olmaq üçün onun “Nə vaxt bitər yuxularım?” şeirində misraları qabıqdan çıxarıb, həmin şeirin daşıdığı fəlsəfi yükə bələd olmaq lazımdır:

Yuxuların kölgəsiyəm,
Ayılanda gedəsiyəm.
Bircə onda biləsiyəm,
Nə vaxt bitər yuxularım?..

Nümunə gətirdiyim bu bəndin də daxil olduğu şeirdə dünya əzabını satan bazara, lirik qəhrəman isə bu bazarı yuxu hesab edən alıcıya bənzədilir. Şeirin ən maraqlı tərəflərindən biri də orasındadır ki, müəllifin fikrincə insan övladı bər- bəzəyinə aldandığı dünyanın röyasından ayılanda, mütləq həqiqətə çatan varlığı dərk edərək yuxularının bitdiyinin şahidi olacaq.

Bürüsə də duman , çən Qarabağı,
Zəfər çiçəklədi bağrının dağı.
Yadda boz illərin çiskin-sazağı ...
Payız çöhrəsində yazdı 44 Gün!-

deyən Tapdıq müəllimin poeziyasında ana yurdun füsunkar gözəlliklər məskəni olan Qarabağla bağlı şeirləri xüsusi yer tutur. Şairin digər həmkarları məndən inciməsinlər: mən deyərdim ki, Qarabağ dərdimizə, Xocalı faciəsinə, qəhrəman əsgərlərimizə, onların 44 gün ərzindəki möhtəşəm zəfərinə müasir yazarların heç biri öz yaradıcılıqlarında onun qədər yer ayırmayıblar.
Daşlaşan zamandır daş kitabələr,
Dindirsən hər daşı, keçmişin söylər.
Burda neçə-neçə igidlər, ərlər ...
Qüdrət səlnaməsi-Şəhid məzarı!

Qanla suvarıldı Vətən torpağı,
Qanlı köynək oldu Vətən bayrağı.
Torpağın, Vətənin rəmzi dayağı
Hürriyyət kəlməsi-Şəhid məzarı!

misralarında Vətənə, onun hər daşına, gülünə, çiçəyinə olan sonsuz məhəbbətin şəhidlik zirvəsi yüksək pafosla vəsf edilir, Məmməd Arazsayağı hər daşı, qayanı danışdıra bilən, onun tarixi keçmişini özünə xatırladan T. Əlibəyli, qanlı köynəklərini bayrağa çevirən şəhidlərimizin məzarını Torpağın, Vətənin rəmzi sayır, Qüdrət səlnaməsi, Hürriyyət kəlməsi hesab edir.
Şəhidlik elə uca bir məqamdır ki, o, hər kəsə qismət olmayan bir xoşbəxt- likdir. Çünki şəhidlər Həzrət Hüseynin (ə.s.) Kərbəladakı şəhidlik məktəbindən dərs alaraq vətənimizi yağı düşmənlərdən təmizləyərkən şirin canlarından keçib əbədiyyət qazanaraq ulu yaradan tərəfindən ruziləndirilirlər. Bu baxımdan, T. Əlibəylinin yaradıcılığında “Şəhidlərə salam olsun!” şeiri xüsusi yer tutur. Şeirdə müəlliflə bərabər, xalqımızın da şəhidlərimizə olan sonsuz məhəbbəti öz bədii ifadəsini tapır, onlara salam göndərilir:

Körpələrin yuxusundan,
Süd ətirli qoxusundan,
Dan yerinin yaxasından
Şəhidlərə salam olsun!

Bayraq, zəfər şöləsindən,
Himnimizin hürr səsindən,
Azərbaycan kürsüsündən
Şəhidlərə salam olsun!

Əlbəttə, mən T. Əlibəylinin yaradıcılığını araşdırmaq və tədqiq etmək fikrin- dən çox-çox uzağam. Əvvəla, belə məqsədimiz yoxdur, ikincisi də budur ki, bu, ədəbiyyatşünas alimlərin işidir. Lakin şair haqqında danışarkən, onun şeirlərinə müraciət etməmək də ən azı insafsızlıq olar. Yalnız onu deyim ki, Tapdıq müəllimin şeirlərində ağır bir ləngər var , hərəkətə gəlməsi sanki təlatüm yaradır, oxucusunu dərindən düşünməyə vadar edir. Tapdıq müəllimin mənim xoşladığım (yəqin ki, çoxlarının da xoşladığı) daha bir özəlliyi də var: bədii qiraət üçün çox dəyərli səsi. Bu, hər kəsə qismət olmayan bir xoşbəxtlikdir. Düzdür, ən əsası şeiri yazmaqdır, lakin onu dinləyiciyə çatdırmaq da vacib şərtlərdəndir. Azərbaycan incəsənətində bədii qiraət ustadları çoxdur, lakin , düzünü deyim ki, onların bəzilərinin səsi quru və yeknəsəkdir. Tapdıq müəllimin səsinin rəngi və tembri elədir ki, o, oxucuya toxunur, onun qəlbinə sanki sığal çəkir. Onun ustalığı bundadır ki, bədii qiraətin əsas tələbləri olan nitqin ahəngi, ritmi, sürəti, intensivliyi, məntiqi vurğusu və tembri kimi prinsipləri nəinki yaxşı bilir, həm də onu səsinin imkanlarından bacarıqla istifadə edərək, ustalıqla tətbiq edir. Çoxlarından fərqli olaraq T. Əlibəylinin şəxsiyyəti ilə söz dünyası bir-birini çox gözəl tamamlayır: zahiri görünüşcə qranit qayaları xatırladan ŞAİRİM həyatda da, yaradıcılıqda da mövlana C. Rumi demişkən “göründüyü kimidir”. Bu baxımdan mən əziz dostum TAPDIQ ƏLİBƏYLİNİ çağdaş poeziyamızın “ağır artilleriya mərmisi” adlandırardım! Əziz dostum Tapdıq müəllim, şeirlərinin birində:

...Qırx körpü var, qırx keçid var, qırx ada,
Salam verdim otuza da, qırxa da.
Bir də gördüm əlli qalıb arxada,
Baş götürüb əlli beşə gedirəm,-

deyən söz sərrafı Zəlimxan Yaqubun təbirincə, siz də ömrünüzün onilliklərini şərəflə yaşaya-yaşaya, 70-ə üz tutmusunuz. Amma öz sözünüzlə desək, “şairliyin yaşı olmur”. Həyatınızın 61-ci baharında qədəmləriniz mübarək !

BƏYLƏR NƏSİROV,
Sabirabad rayonu , Əsədli kənd tam orta
məktəbinin dil-ədəbiyyat müəlimi.

ALLAHA TAPINAN SÖZ ADAMI