ÖZÜ DƏ, SÖZÜ DƏ SƏMİMİYYƏT ZİRVƏSİ » Memur.az

ÖZÜ DƏ, SÖZÜ DƏ SƏMİMİYYƏT ZİRVƏSİ

ÖZÜ DƏ, SÖZÜ DƏ SƏMİMİYYƏT ZİRVƏSİ

































Eşidəndə ki, dostum, şair-publisit Tapdıq Əlibəylinin bu günlərdə 60 yaşı tamam olur, xəyalən ötən illərə döndüm.Tanışlığımızın tarixçəsi gözlərimin önündə canlandı.
Yaxşı xatırlayıram, 90-cı illərin əvvəllərində Asiya Universitetini təsis etmişdik. O zaman mənim yanıma dostum, istedadlı riyazıyyatçı alim rəhmətlik Dünyamalı İsayev sıx-sıx gəlib-gedirdi. Mən universitetin kafedra müdiri idim. Tədrislə bağlı təbii ki, işlərim də çox idi. Vaxt tapanda məni tutan mövzularda ara-sıra şeirlər yazar və yalnız Dünyamalıya oxuyardım. Nədənsə şerlərimin digərləri tərəfindən oxunmasını, eşitməsini isəmirdim.
Dünyamalı müəllim mənə həmişə “şef” deyə müraciət edirdi. Mən də artıq buna alışmışdım. Günlərin birində yeni yazdığım şeiri ona oxuyandan sonra dedi: - Şef, Yaxşı bir dostum var, şairdir. Dəvət edim, gəlsin. Həm tanış olun, həm də sənin şerlərini oxuyub qiymət versin. Zarafatyana dedim ki, hər şair mənim şerlərimi başa düşməz...ÖZÜ DƏ, SÖZÜ DƏ SƏMİMİYYƏT ZİRVƏSİ
Az bir vaxtdan sonra Dünyamalı müəllim bir də gördüm ki, bir nəfərlə gəlib, üz-gözündən nur yağır. Tanış olduq...
Dünyamalı müəllim Tapdıq Əlibəyliyə işarə edərək, mənə ərkyana dedi: - Şef, şerlərini ver, Tapdıq müəllim tanış olsun. Qoy bir-iki şeirini oxuyub öz fikrini bildirsin şair. Mən bir az tərəddüd etsəm də, şerlərimi Tapdıq müəllimə verib gülə-gülə dedim ki, qardaş, mən şair-zad deyiləm ha... Bilməyib birdən mənə deyərsən ki, şerlərin heç nəyə oxşamır, onda xətrimə dəyər. O, təbəssümlə, narahat olmayın, baxıb fikrimi deyəcəm. Elə oradaca əlüstü şerlərlə tanış oldu və inamla, çox ciddi şəkildə: - İsa müəllim, maraqlı şerlərin çoxdu, təcili bunları çap etmək lazımdı. Özüm lazımdırsa redaktə edərəm. Niyə bunları gizlədirsən? Sandıq açılmalıdır...
Elə nəticə etibarilə belə də oldu. T.Əlibəyli mənim şerlərim haqqında o qədər xoş fikirlər, duyğulu məqamlar söylədi ki, məətəl qaldım. Dedim ki, yox qardaş, məni deyəsən çox təriflədin. O isə fikrinin ciddi olduğunu bildirdi. Şeirlərimdən bəzi məqamları incələməyə başladı...
- İsa müəllim, sizin az müddətdə 5-6 şerinizi oxudum və heyrətə gəldim. İstərdim ki, bu şeirlər bir toplu olaraq çap olunsun...
Beləliklə, Tapdıq müəllimin köməyi, redaktorluğu və ön söz müəllifliyi ilə “Mən də beləyəm”, “Mən də aşiqəm” şer kitablarım çap olundu. Hazırda isə “Mən də gələcəm” şer kitabım əziz dostumun redaktorluğu ilə nəşr ərəfəsindədir.
Tapdıq müəllim həddən artıq həsas, qədirbilən, dostcanlıdır. Onun bu məziyyətini dünyasını vaxtsız dəyişən dostumuz Dünyamalı müəllimin əziz xatirəsinə ehtiram əlaməti olaraq yazdığı “Bir ömür dəyərmi bircə sığala” şeiri bir daha təsdiq edir. Özümə mənəvi borc bildim ki, mərhum dostumuza ünvanlanan bu şeiri xatırladım Tapdıq Əlibəyli yazır: -Bu narahat dünyamızda öz dunyası olmuş riyaziyyatçı-alim dostum Dünyamalı İsa oğlu İsayevin əziz xatirəsinə

Dünyanın gərdişi demə sigalmış,
Bir ömür dəyərmi bircə sıgala?..
Böyüyüb gördük ki, dünya cıgalmış,
İnanmaq olarmı axı cığala?..

Arzular yarımçıq ürək susanda,
Bu imiş dünyanın sonda tənəsi...
Torpaqdan xəlq olub axı insan da,
Hər kəs əzəlinə bir gün dönəsi...

Kiminə din-iman bu dünya malı,
Kiminsə gözündə pucdu, fanidi.
Sənə verilsə də ad Dünyamalı,
Elin dünyagir yox, arif tanıdı...

Sabaha ümidlə yol başlamışdın,
Heyif, ömür bağın xəzana döndü.
Elmlə keçilməz sədləri aşdın...
Bir idrak, bir alim çırağı söndü.

Qopdu varlığımdan yanğılı bir səs,
Dünya təzad dolu, dolub-boşalan.
Yasar ürəklərdə izi qalan kəs,
Səndən nişanədır iki gül balan...
fevral 2009 .

Tapdıq özünü mənim heyranım kimi aparır və hər dəfə yeni şerin varmı deyib durur. O, məni mənən stimullaşdırır, həvəsləndirir... Mənim yaradıcılığıma ürəkdən sevinir. O, hətta bir neçə şeirimi əzbər bilir və yeri gələndə söyləyir... Bəzi məqamları poetik tapıntı, şeiriyyatda yenilik kimi dəyərləndirirdi. Beləcə, yaradıcılıq əlaqələri bizi dostluq telləri ilə bir-birimizə bağladı.
Təmənnasız adamdı. Təbiətində bir dağ saflığı var.
İstər universitetdə işlədiyim, istərsə də Elmlər Akademiyasının İqtisadiyat İnstitunda direktor olduğum müddətdə bircə dəfə də olsa şəxsi məsələ ilə bağlı mənə müraciət etməyib. Tapdıq müəllim öz düşüncələri ilə 90-cı ildən indiyə qədər məni şərəfli yola çağırır və sanki əlimdən tutub iri addımlarla yüyürməyimi istəyir. Bu münasibətlər məni Tapdığın özü ilə maraqlanmağa sövq etdi. Açığını deyim ki, mən çox adamla oturub-dursam da hələm-hələm ürək dostu olmağı qəbul etmirdim. Lakin Tapdığın insani, fəzil keyfiyyətləri onunla ürəkdən dostlaşmağa gətirib çıxartdı.
Şair Tapdıq Əlibəyli Azərbaycanın dilbər guşəsi Yardımlı rayonunda doğulub boya-başa çatmış, ali təhsilli, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Heyrət” Əbədi Birliyinin qurucusu, rəhbəri, “Konstitusiya” qəzetinin, “Heyrət” dərgisinin təsisçisi və baş redaktorudur. Onun 20-dən artıq publisistik və şer kitabları var.
Tapdığı daha yaxından tanıdıqca, onun nə qədər sanballı şair olduğunu bilməklə yanaşı, həm də gözəl insan olduğunu duydum. Onun nəinki mənə, eləcə də bir çox şairlərə, yazarlara qol-qanad verdiyinin şahidiyəm. Əl tutmuş, kömək etmişdir. Onların çoxu hazırda tanınmış şair və yazıçılardır. Tapdıq Azərbaycanlı ziyalılarının qaymaqları ilə oturub-durur. Öz mənliyi, mərifəti ilə seçilən, səviyyəsi ilə qəbul edilən ziyalı şairlərimizdəndir. O, püxtələşmiş şairdir.
Söz yiyəsidir. Onun öz dəst- xətti, özünəməxsus düşüncə tərzi var. Onun şerlərində vətənə, xalqa, insanlığa böyük sevgi var. O, milli ədəbiyyatımızın yüksəlişində, zənginləşməsində rolu olan qələm sahibidir. Təsadüfi deyil ki, Prezident təqaüdünə layiq görülmüşdür. “Qızıl qələm” laureatıdır. İanıram ki, o, bundan sonra da elinə, obasına, xalqına layiqli xidmət edəcəkdir. Bu yolda uğurlar diləyirəm.
Əlimdən tutub şeir dünyasına məni həvəsləndirən şair dostum Tapdıq Əlibəyliyə yaradıcılıq uğurlarıma görə həmişə minnətdaram!
Şair sözü, şair səsi ötkəm qardaşım Tapdıq Əlibəylini “Əziz dostum, qardaşım, 60 yaşın mübarək!” söz çələngimlə təbrik edirəm:

Dostum, ömrün mənalı, şair adın var olsun!
Əkdiyin gül-çiçəklər boy atsın, gülzar olsun!
Təbin tükənməz olsun, qələmin yazar olsun!
Əziz dostum, qardaşım, 60 yaşın mübarək!

İlham pərinlə birgə söz dünyanda gəz-dolan,
Həyatını bənzəsin dünyana bəzək olan.
Duyğuların şehinə söz, misra-misra bələn...
Əziz dostum, qardaşım, 60 yaşın mübarək!

Allah verib nəvələr, toylarını görəsən,
Cani-dildən, ürəkdən sevinəsən-güləsən.
Sevdiklərinlə, qardaş, sevincini böləsən...
Əziz dostum, qardaşım, 60 yaşın mübarək!

Atmış yaş nədir hələ, yüzü vurasan başa,
Şair ömrünü şövqlə, sevgi, sevinclə yaşa!
Gözün gözəlliklərdən kaş bir ömür qamaşa...
Əziz dostum, qardaşım, 60 yaşın mübarək!

Sən Allah adamısan, sən bir Söz adamısan,
Səni görum pis gözdən uzaqlarda qalasan.
Eldə, obada daim adlı-sanlı olasan!
Əziz dostum, qardaşım, 60 yaşın mübarək!

İsa deyir, əziz dost, ürəyimdə yerin var,
Sən dostluq zirvəsinə ucalıb tutdun qərar.
Tanrıdan diləyirəm olsun bizə özü yar!
Əziz dostum, qardaşım, 60 yaşın mübarək!

İSA ALIYEV,
Azərbaycan Milli Elmlər Akademiyası
İqtisadiyyat İnstitutunun professoru,
iqtisad üzrə elmlər doktoru, şair

ÖZÜ DƏ, SÖZÜ DƏ SƏMİMİYYƏT ZİRVƏSİ