20 İL ƏVVƏLİN XOŞ XATİRƏLƏRİNDƏN 60 İLLİK YOLA BAXIŞ » Memur.az

20 İL ƏVVƏLİN XOŞ XATİRƏLƏRİNDƏN 60 İLLİK YOLA BAXIŞ

20 İL ƏVVƏLİN XOŞ XATİRƏLƏRİNDƏN 60 İLLİK YOLA BAXIŞ


































Dünyaya göz açan hər bir insanın həyatda ömür payı vardır. Bundan səmərəli istifadə edərək elinə, obasına, xalqına xidmət edib fayda vermək hamıya qismət olmur. Xoşbəxt o insandır ki, əmək fəaliyyətinin növündən asılı olmayaraq, yaşadığı torpaqda mənəvi saflığı ilə seçilə bilsin, gərəkli olsun, həyatda iz qoya bilsin.
Tapdıq Abış oğlu Əlibəyli bu baxımdan təqdirəlayiqdir. Onun həyat yolu, əmək fəaliyyəti heç də asan olmamışdır.
Günlərin birində, iş günü sona çatırdı, evə getməyə hazırlaşırdım. Qapı döyüldü... Kim gəlsə yaxşıdır? Üzünü görmədiyim, adını eşitdiyim, imzasına rəğbətim olan, yaradıcılığıyla fəxr etdiyim şair Tapdıq Əlibəyli.
Özünü təqdim etdi: -Tapdıq Əlibəyli... Məni tanıdızmı?- deyə soruşdu. Şairi sanki çöxdan görmədiyim bir doğmatək qucaqladım: - Şairi tanımamaq olarmı?.. Onunla ilk baxışdaca isnişdik. Sanki illərin dostu idik...
Hal-əhvaladan sonra gəlişinin səbəbini dedi. Məlum oldu ki, Akademiyanın tədris işləri üzrə prorektoru Qəhəman Məmmədyarovun otağı ilə buranı dəyişik salıb. Mən şairi Qəhrəman müəllimin yanına apardım və gəlişi haqqında məlumat verdim... Oradan cıxandan sonra yenidən mənim otağıma döndük. Şairə müəllifi olduğum “Şəhid idmançılar” kitabımı təqdim etdim. O, maraqla kitabı vərəqləyə-vərəqləyə “Şəhdlərimizin ruhu şad olsun!” deyə, ayağa qalxdı və sözünü davam etdirdi: - Sən demə, elə mən düz gəlmişəm! Həm kitab haqqında fikir bildirərəm, həm də Sizin 50 illik yubileyinzi (yencə tamam olmuşdu) qələmə alaram.
Tapdıq Əlibəyli mənim otağımda iki sazın asıldığına işarə edərək (Azərbaycan və türk sazı) bir daha gəldiyindən yanılmadığını bildirdi. Şair cuşa gələrək, Dilqəm müəllim, qoy mənim bu şeirim sizi 50 yaşınızın işığında könül ziyarətim olsun:

Min illiyin həsrəti var gözündə,
Əsrlərin şöləsi var üzündə,
Qərinələr təpəri var dizində,
Zəkan iti, həyat qayən xoş dilək,
Dilqəm qardaş, əlli ilin mübarək!

Məsləkinin təməlində - ədalət,
İnancının mayasında - həqiqət,
Umacağın olmayıbdır şan-şöhrət.
Əlli ildə yaşatmısan saf ürək,
Dilqəm qardaş, əlli ilin mübarək!

Muğam, sazdan bələnibdir heyrətin
Xürrəmidən boy alıbdır qeyrətin,
Tapındığın Dədə Qorqud - hörmətin,
Keçdiyin yol əməlinlə bir örnək.
Dilqəm qardaş, əlli ilin mübarək!

Aylar, illər ömrümüzə bir izdir,
Ötən günlər xatirə tək əzizdir,
Qəlbdə arzu nə gecikmiş, nə tezdir...
Ömür bağın açsın hər vaxt gül-çiçək,
Dilqəm qardaş, əlli ilin mübarək!

El güvənir yetirdiyi mərdinə,
Şərik olur sevincinə, dərdinə.
Ömrün sığmır əlli ilin həddinə...
İnnən belə yenə səni şux görək,
Dilqəm qardaş, əlli ilin mübarək!

İnam, ümid ruhumuza məlhəmdir,
Sevincimiz can evinə məhrəmdir,
Dünyanızın zirvələşən dəmidir..
Tapdıq hörüb sözdən sənə bir çələng,
Dilqəm qardaş, əlli ilin mübarək!

Mənə elə gəlir ki, deyimlərində şairin özü, fikri maddiləşib. Yəni atalar sözlərini yaradan məhz Tapdıq kimi müdrik insanlar ola bilər. Bu məqamda qədim Çin filosofu Yan Çjou ilə bağlı olan, oxuduğum bir əhvalat yadıma düşür.
Bir nəfər filosofun yanına gəlib deyir:
-Mən xəstəyəm, məni sağalda bilərsənmi? Böyük filosof deyir:
-Xəstəliyin əlamətlərini sayın.
-Öz icmamda tərifi şöhrət hesab etmirəm. Əldə etdiyimə sevinmirəm, itirdiyimə kədərlənmirəm. Həyata ölüm kimi baxıram, özümə özgə kimi baxıram, öz evimdə qonaq kimi yaşayıram, heç bir rütbə və mükafat məni sevindirmir, heç bir cəza və ya vəd məni qorxutmur, heç bir müvəffəqiyyət və məğlubiyyət məni dəyişmir.
Yan Çjou bütün deyilənlərə qulaq asıb cavab verdi:
-Siz dünyanın ən xöşbəxt insanısınız. O ki, qaldı xəstəliyinizin səbəbinə, onun bir adı var: müdriklik.
Filosofun sözünü Tapdıq Əlibəyliyə şamil etmək istəyirəm. Ona görə ki, bütün yüksək insani keyfiyyətlər Tapdıq müəlimdə təcəssüm olunur.
Tapdıq müəllim təbiətən şairdir. Təpədən - dırnağa ziyalıdır. Onun danışıq tərzi, geyimi, məclislərdə özünü aparmağı, müsahibini diqqətlə dinləməsi, insanlara münasibəti, intellektual səviyyəsi, əxlaqı və davranış mədəniyyəti əsl ziyalıya xas olan xüsusiyyətlərdir.
Tapdıq Əlibəyliylinin şeirə marağı orta məktəb illərdən baş¬lamışdır. İndyə kimi “Haqqa dayaq doğulmuşuq”,“Torpağın səsi”,“Ovqatımın aynası”, “Yol gedənindir”, “İman qaynağı”, “Fəzilət yolu”, “Söz dərgahına merac”, “Nisgil odu”, “Zirvə işığında, dağlar qoynunda”, “Soyqırım”, “Nahaq qan yerdə qalmaz”, “Zaman kecər, söz qalar”, “Zirvələr səhər nurunda”, “Könül ziyarəti”, “Poetik buta” “Məslək” və digər kitabları çap olunmuş, dövlət mustəqiılliyimizin bərpa edilməsinin iyirmi illiyinə ithaf olunmuş “Azərbaycan” adlı diski kütləvi tirajla işıq üzü görmüşdür. Yüzdən artıq kitabın redaktoru, xeyli sayda ön söz, məqalə, araşdırma və publisistik yazıların müəllifidir.
20 İL ƏVVƏLİN XOŞ XATİRƏLƏRİNDƏN 60 İLLİK YOLA BAXIŞ
Tapdıq Əlibəylinin Qarabağın işğal dövründə yazdığı şeirlər yağı tapdağında qalmış torpağlarımızın azadlığına çagırış idisə, 44 günlük Vətən müharibəsi dövründə qələmə aldğı şeirlər isə zəfər nəgmələridir. “Payız çöhrəsində yazdı 44 Gün” adlı kitab da məhz özündə bu qayəni daşıyır. Müəllif vətən oğullarını qəhrəmanlarımızdan nümunə götürməyə çağırır.
Şaiirin müxtəlif insanların şəxsində obrazlaşdırdığı poetik səhnələr oxucuları dərindən düşünməyə vadar edir, onların öz daxili dünyasını da təftiş etməyə sövq edir və həyatda nikbin olmağa səsləyir. Bu fikir müstəvisində şairin mənə ünvanladığı “Bir əsrin sorağı” şeirini yada salmaq istəyirəm:
(Pedasqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “XX əsrdə Azərbaycan idmanı” kitabı idrak tariximizə işıq tutan külliyyat olmaqla, idman ictimaiyyətinə böyük töhfədir).

Bir əsrlik yoldur əsrin sorağı,
Qələmlə qət etdin, Dilqəm müəllim!
Azərbaycan adlı vətən torpağı
Sənin böyük sevgin, nəğməli dilin.

Sən tarix yazırsan, tarixsə zəfər,
Yüz illik bir dövrün salnaməsini.
Zamanın özünə etdikcə səfər,
Vüqarla yazırsan hər kəlməsini

Sanki hər səhifə açılan səhər,
Qələmin boyanır al şəfəqlərə.
Şərəf tarixindən boy verir hünər,
Bu yol sığışarmı heç üfüqlərə.

Himnimiz səslənir uzaq ellərdə,
Üçrəngli bayrağın təntənəsiylə.
Qaliblər ərəntək gəzir dillərdə,
“Zorxana” mehrinin ənənəsiylə.

Qələbə müjdəli idmançıların
Əzmi-əzəməti qürur doğurur.
Uğuru, yarışda sınananların
Nəslin pöhrəsində qüdrət yoğurur.

Tapdıq Əlibəyli müdriklik, sadəlik və xeyirxahlıq timsalıdır. Yaxşı insanlara həsr olunmuş aşağıdakı misraları qardaşım Tapdıq Əlibəyliyə ünvanlamaq olar:

60 il az deyil, 100 də çox deyil,
Ürəyin istəyən qədər yaşa, a Tapdıq!
Deyirəm, həyatda atdığın addım
Heç vaxt toxunmasın daşa, a Tapdıq!

Şair- publisist Tapdıq Əlibəylinin anadan olmasının 60 ili tamam olur. Onun çoşqun ilhamla yazdığı lirik şeirlər, poetik örnəklər, söz çələngi ədəbiyyat xəzinəmizdə mühüm yer tutur. Mən alovlu vətənpərvər, gözəl insan, səmimi, sədaqətli dost olan Tapdıq Əlibəyliyə üzümü tutub: “Altmış illik yubileyiniz mübarək olsun”, - deyirəm!

DİLQƏM QULİYEV,
pedaqogika üzrə elmlər doktoru, professor,
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi.

20 İL ƏVVƏLİN XOŞ XATİRƏLƏRİNDƏN 60 İLLİK YOLA BAXIŞ