60 YAŞ NƏDİR HƏLƏ... » Memur.az

60 YAŞ NƏDİR HƏLƏ...

60 YAŞ NƏDİR HƏLƏ...
Azərbaycan cəmiyyətində müasir ədəbi nəslin layiqli nümayəndələrindən biri də özünəməxsus yer tutmuş şair-publisist Tapdıq Əlibəylidir.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Konstitusiya” ictimai-siyasi, hüquq qəzetinin, “Heyrət” ədəbi-bədii, elmi-publisistik dərginin təsisçisi və baş redaktoru; “Haqqa dayaq doğulmuşuq”, “Torpağın səsi”, “Ovqatımın aynası”, “Yol gedənindir”, “İman qaynağı”, “Fəzilət yolu”, “Söz dərgahına merac”, “Nisgil odu”, “Zirvə işığında, dağlar qoynunda”, “Soyqırım Nahaq qan yerdə qalmaz”, “Zaman kecər, söz qalar”, “Zirvələr səhər nurunda”, “Könül ziyarəti”, “Poetik buta”, “Məslək”, “Ziyalı ömrü”, “Sözün dan yeri” və digər kitabların müəllifi, şair-publisist Tapdıq Əlibəylinin yaradıcılığının arxasında istedadın, zəhmət və iradənin, əmək və səyinin durduğunu hər an görməkdəyəm.
Mən Tapdıqla təxminən 20 il bundan öncə tanış olmuşam. Tapdıq səhv etmirəmsə onda qəzetdə çalışırdı və məndən müsahibə aldı. İlk tanışlıqdan Tapdıq bəyin mehriban xarakteri, vətənpərvərliyi məndə xoş təəssürat yaratdı...
Tapdıq Əlibəylinin yazdığı əsərlər qəlbini, düşüncələrini, vətəndaş mövqeyini, arzularını gerçək həyatın müxtəlif müstəvilərində ğörməyə imkan verir. Müasir Azərbaycan ədəbiyyatında öz dəst-xətti, orijinal yazı üslubu ilə seçilən yazarlar sırasında Tapdıq Əlibəylinin xüsusi yeri və mövqeyi vardır.
Çağdaş günümüzdəki hər hansı bir hadisənin poetik şəkildə tərənnümü və faktların ictimai səpkidə təcəssümü Tapdığın şeir yaradıcılığına xas olan xüsusiyyətlərdəndir.

Nifrətim qılıncla,sevgim qopuzla,
Boylanır tarixin neçə qatından.
Ulusum qovuşur Xaqan Oğuzla,
Qanım rəng alıbdı Qorqud zatından.

Şair-publisist Tapdıq Əlibəylinin “Söz dərgahına merac” (“Araz” 2004) kitabına Xalq şairi Sabir Rüstəmxanlı “Vətəndaşlıq yanğısı” adlı ön sözündə göstərir: “Oxuduğum, dinlədiyim şeirləri, bir fərd kimi sahib olduğu fərdi keyfiyyətləri, vətəndaşlıq yanğısı və bu yanğını uğurlu poetik sözə çevirmək qabiliyyəti onu çağdaş ədəbi nəslin seçilən nümayəndələrindən biri kimi səciyyələndirməyə imkan verir”.
Tapdığın şeirlərini oxuduqca onun milli folklorumuzun növ və janrlarından tutmuş, klassik ədəbiyyata qədər bütün janrlarda hamısını fərqli formada qələmə almaqla poetik cəhətdən səciyyələndirməsi şair kimi Tapdıq Əlibəylinin həm də bir peşəkar filoloq olduğunu nümayiş etdirir.

Söz mülkündə “layla” əzəli qala,
Beşikbaşı nurdur sabahkı yola.
Ananın balaya çaldığı layla
Meracdır söz ilə söz dərgahına.

Tapdıq Əlibəyli Uca Alahımıza ruhən bağlı olan, milli-mənəvi dəyərlərə önəm verən layiqli vətən oğlu, saf, humanist bir insan, gözəl ziyalı, sözə ehya verən qələm adamı, istedadlı bir şair olaraq həyatın və poeziyanın enişli-yoxuşlu yollarını bəzən piyada, bəzən “atını çapa-çapa” keçərək gəlib 60 yaşa yetişdi.

Qəvvasam sahilsiz söz dəryasında,
Qiyməti özündə inci əzirəm.
İnsan sevgisiylə söz dünyasında,
Tapdığım incidən çələng düzürəm.

Gözümə, könlümə köçən gözəllik,-
Tanrıdan boy alan bir əzəlilik.
Gəlimdən gedimə yol-əbədilik…
Baharla payızın gözəlliyitək.

Yarpaq gözəlliyi-baharın hökmü,
Xəzan gözəlliyi-yarpaq tökümü,
Gəlimin gedimi-ilkə dönümü…
Baharla payızın gözəlliyitək.

Tapdığın şeir yaradıcılığında vətən, torpaq, Qarabağ, şəhid, soyqırım mövzuları leytmotiv təşkil edir...

Torpaq Vətənləşir şəhid qanıyla,
Vətən bütövləşir şəhid qanıyla…

Əzizim Tapdıq Əlibəyli, 60 illik yubileyin münasibəti ilə ürəkdən təbrik edirəm, Uca Tanrıdan sənə möhkəm cansağlığı, uzun ömür diləyirəm. 60 yaş yaradıcı insanın ən kamil vaxtıdır.
Tapdıq, sən bu bu kamilliyi həyat kredosuna çevirməyi bacaran istedadlı şair, publisistsən. Arzu edirəm ki, illərin təcrübəsinin bəxş etdiyi keyfiyyətlər səni daha yüksək zirvələrə aparsın. Əziz həmkar, 60 illik yubileyin mübarək! 60 yaş nədir hələ?.. Yaxşı günlər öndədir!

VÜQAR ƏHMƏD,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri,
filologiya üzrə elmlər doktoru, professor.


60 YAŞ NƏDİR HƏLƏ...