Zəfərin mübarək, Azərbaycan xalqı! » Memur.az

Zəfərin mübarək, Azərbaycan xalqı!

Zəfərin mübarək, Azərbaycan xalqı!30 ilə yaxın müddətdə, hər il torpaqlarımızın işğal günlərinin acısını yaşadıq. Bu qara təqvim günləri bizlərə yaddaşlıq edib xatırladırdı ki, Birinci Qarabağ savaşını uduzmuşuq. Bu, təkcə torpaqlarımızın, ərazilərimizin itkisi demək deyildi. Milli ruhumuza, tarixi keçmişimizə zərbə vurulmuşdu. Dədə-baba torpaqlarımızla yanaşı, tarixi irsimizi, mədəni və dini abidələrimizi, doğmalarımızın qəbrlərini qoruya bilməmişdik.

Danışıqlar masasında da düşmən eyni hiyləgərliklə öz oyunlarını davam etdirirdi. Haqq və tarixi ədalət, beynəlxalq hüquq tərəfimizdə ola-ola, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü həmsədr qismində Ermənistanın işğalına 30 il ərzində son qoya bilmədi. Bizlərə təlqin olunurdu ki, guya münaqişənin hərbi həll yolu artıq yoxdur. Düşmən isə bundan şirniklənib daha da azğınlaşırdı, sərsəm bəyanatlarla heysiyyatımızla oynayırdı.

Son 17 il ərzində bugünkü müzəffər Azərbaycan Ordusu formalaşdırılmasaydı, onun hərbi-texniki təchizatına milyardlar xərclənməsəydi, texnoloji-hərbi üstünlüyümüz təmin olunmasaydı, cəmiyyətimizin vətənpərvərlik ruhu indiki səviyyəyə qaldırılmasaydı və regionda yeni siyasi konfiqurasiyanın yaranması üçün uğurlu diplomatik addımlar atılmasaydı, bundan sonra çox-çox onilliklər ərzində milli qürurumuz və milli kimliyimiz mənəvi sıxıntılar içində əzilməkdə davam edəcəkdi.

44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımız düşmən əsarətindən xilas edildi. Milli ruhumuza qovuşduq, milli qürurumuzu qorumağa qadir olduğumuzu bütün dünyaya sübut etdik, həm də dünya xalqlarına tarixi bir örnək verdik. Göstərdik ki, onilliklər ərzində ən nüfuzlu beynəlxalq təşkilatlar öz qətnamələrinin icrasını təmin edə bilmədikdə və dünya gücləri öhdəliklərini yerinə yetirmədikdə belə, Azərbaycan xalqının haqq savaşına çıxmaq hüququnu və hərbi yolla işğalçını cəzalandırmaq haqqını onun əlindən heç kim ala bilməz. Müstəqil Azərbaycan dövləti və Azərbaycan Xalqı məhz bu tarixi örnəyi dünya birliyinin yaddaşına həkk etdirdi. 44 günlük Vətən müharibəsi 30 illik torpaq həsrətimizə son qoydu, millət və xalq olaraq başımızı dik tuta bilmək haqqımızı bizlərə qaytardı. Uğrunda döyüşdüyümüz torpaqlar Vətən övladlarının qanı, canı bahasına azad edildi. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı həmvətənlərimizə şəfa versin. Onların hər birinin valideynləri, doğmaları qarşısında bir daha baş əyirik.

Ali Baş Komandanımız İlham Əliyevin bu illər ərzində qurub-yaratdığı, rəhbərlik etdiyi müzəffər Azərbaycan Ordusu minnətsiz qələbə ruhunu, zəfər sevincini bizlərə yaşatdı. Düşmən və havadarları məhz bu cür qələbəmiz sayəsində nəhayət anlayırlar ki, uydurulmuş miflər məhvə, sərsəm xülya və bəyanatlar isə tarixin zibilliyinə atılmağa məhkumdur. Haqsızın, işğalçının tərəfini tutanlar, yəqin dərk edəcəklər ki, hansı dinə mənsub olmasından asılı olmayaraq, haqqa və tarixi ədalətə, beynəlxalq hüquqa söykənən dövlət və onun təmsil etdiyi xalq sonda mütləq qələbə qazanır. Yalnız dini və etnik təəssübkeşliyinə görə haqsızın yanında yer alan istənilən dövlət isə öz siyasi nüfuzuna zərər vurmuş olur.

Zəfər paradı hərbi üstünlüyümüz və potensial imkanlarımızla, Vətən müharibəsindəki qələbəmizlə yanaşı, bütün bu həqiqətləri də dünya xalqlarına çatdıracaq. Dünya güclərinə ismarıc veriləcək ki, ikili standartlardan, haqsız yanaşmalardan imtina etməyin zamanı yetişib. Prezident İlham Əliyevin dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söylədiyi bu fikirlər də beynəlxalq auditoriyaya verilən önəmli ismarıcdır: “Əsl dostluq isə özünü çətin anlarda büruzə verir. Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq”.

Vətən müharibəsi günlərində 180-ə qədər dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi bir çox beynəlxalq qurumlar Azərbaycanın haqlı mövqeyinə, Prezident İlham Əliyevin qətiyyətli və ədalətli siyasətinə dəstəyini ifadə etdi. Qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin tarixi əhəmiyyəti, münasibətlərimizdə əlahiddə yer tutması isə danılmazdır. Zəfər paradında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı məhz bu əlahiddəliyin nümayişidir. İki siyasi liderin həmin gün çiyin-çiyinə duruşu tarixi bağlarımıza hörmətin ifadəsi olmaqla yanaşı, haqqın və tarixi ədalətin, beynəlxalq hüququn bərpa olunduğunu simvolizə edəcək.

Düşmən xülyalarla yaşayırdı, özü-özünü sərsəm xülyalara inandırmışdı. Kənardan da onu inandıranlar var idi, hələ də var. Dövlətimizin başçısı dost İtaliyanın nümayəndə heyətini qəbul edərkən düşmənin xəyal qırıqlığına uğradıldığını bu sözlərlə ifadə etdi: “Onlar hesab edirdilər ki, azərbaycanlılar bu torpaqlara heç vaxt qayıtmayacaqlar. Amma biz qayıtmışıq, döyüşə-döyüşə onları torpaqlarımızdan qovduq. Onlar bizim qabağımızda diz çökdülər”.

Prezident İlham Əliyevin Sərəncamı ilə noyabrın 8-i, Şuşanın işğaldan azad edildiyi gün Zəfər Günü elan olunub. İnşallah zəfər sevincini həmişə qardaş və dost ölkələrlə bir yerdə qeyd edəcəyik, birlikdə olacağıq. Həyat sübut etdi ki, torpaqlarımız kimi, Xarı-bülbül də düşmən tapdağı altında qala, əsirlikdə yaşaya bilmir.

Xilasın mübarək Xarı-bülbül, azadlığın mübarək Qarabağ! Zəfərin, düşmən üzərində Qələbən mübarək, Azərbaycan xalqı!

Milli Məclisin deputatı
Ülvi Quliyev