Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı - İLHAM ƏLİYEV » Memur.az

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı - İLHAM ƏLİYEV

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı - İLHAM ƏLİYEV




















Azərbaycanın yeni əsrdə yeni lideri olan İlham Əliyevin birinci müddətə Prezident seçilməsindən 16 il ötür. İlham Əliyev 2003-cü il oktyabrın 16-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Müasir tariximizə möhtəşəm 16 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.
Siyasi varislik missiyası
1994-cü ildən ölkəmizdə gedən ən mühüm iqtisadi və ictimai-siyasi proseslərdə yaxından iştirak edən İlham Əliyev neft və qaz, idman sahələrində, eyni zamanda, parlamentdə, Avropa Şurasında və Baş nazir kimi fəaliyyəti dövrlərində hər zaman ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirmiş, xalqın böyük rəğbətini, dəstəyini qazanmışdı. Əlbəttə, bütün bu fəaliyyətin nəticəsi idi ki, xalqımız 2003-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyevə etimad göstərdi, onun Heydər Əliyev siyasətinə sadiq qalacağına və bu siyasəti davam etdirəcəyinə inamını ifadə etdi.
Hələ 1990-cı ilin əvvəllərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən qurtuldu, inkişaf yoluna qədəm qoydu. Qısa müddət ərzində bütün sahələrdə aparılan islahatlar, əldə olunan mühüm nailiyyətlər hər bir vətəndaşımızın həyatında özünü göstərməyə başladı. Digər dövlətlərin bəlkə də 50 ildə qazana bilmədiyi uğurlara Azərbaycan 10 il ərzində nail oldu. Əlbəttə ki, bütün bu uğurların düşünülmüş, gələcəyə hesablanmış və məqsədyönlü siyasətin nəticəsində qazanıldığını yaxşını pisdən ayırmağı bacaran Azərbaycan xalqı açıq-aydın görür və bu siyasəti hamılıqla dəstəkləyirdi.
Öz mənalı həyatının 60 ilini xalqına, onun inkişafına həsr edən, on il müstəqil Azərbaycan dövlətinə şərəflə xidmət edən ümummilli lider Heydər Əliyev Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə, onu güclü və qüdrətli bir dövlətə çevirmək istəyirdi. Ulu Öndər 1993-2003-cü illərdə bu istiqamətdə olduqca mühüm, böyükmiqyaslı işlər gördü. Lakin hələ tamamlanmamış çox perspektivli layihələr, görüləsi işlər var idi. Ümummilli lider Heydər Əliyevin səhhətində yaranan problemlər onun başladığı, nəticələrini aydın gördüyü işləri tamamlamağa imkan vermirdi.
Əlbəttə ki, həmin dövr üçün mövcud olan geosiyasi vəziyyəti nəzərə alaraq qeyd etməliyik ki, Heydər Əliyev siyasətini davam etdirmək, kifayət qədər mürəkkəb regionda yerləşən Azərbaycanı Ulu Öndərin görmək istədiyi mövqelərə çıxarmaq olduqca çətin idi. Belə bir tarixi məqamda xalq İlham Əliyevin simasında öz yeni liderini görürdü. Belə bir əminlik yaranmışdı ki, Heydər Əliyevin müdrikliklə işləyib hazırladığı inkişaf strategiyasını məhz onun siyasi varisi İlham Əliyev reallaşdıra bilər.
Dövlətimizin başçısı İlham Əliyevin 16 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” məqaləsində qeyd etdiyi kimi, dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 16 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq.

Aqibət Məmmədov
"Gəncəkörpütikinti-2" ASC-nin direktorlar şurasının sədri