İlham Əliyev. Yeni əsrin yeni lideri » Memur.az

İlham Əliyev. Yeni əsrin yeni lideri

İlham Əliyev. Yeni əsrin yeni lideri



















Əlbəttə ki, bu inam Ulu Öndərin siyasi varisi İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu. Hələ prezident seçkiləri ərəfəsində - 2003-cü il avqustun 16-də prezidentliyə namizəd, Baş nazir İlham Əliyev ABŞ-ın Assoşieyted Press agentliyinin müxbirinə müsahibəsində demişdi: “Ölkəmizin əksər vətəndaşları üçün də ən başlıcası indiki siyasətin davam etdirilməsi, indiki vəziyyətin qorunub saxlanmasıdır. Əgər bu gün məni bunun üçün lazımlı adam hesab edirlərsə, bu məsuliyyəti üzərimə götürməyə hazıram”. Bu əminliyin arxasında Heydər Əliyev məktəbinin verdiyi güc, siyasi səriştə, möhkəm iradə və xalqın Ümummilli Liderin siyasətinə və ona inamı dayanırdı.
İlham Əliyev həm də ölkə, xalq qarşısındakı xidmətləri ilə özünütəsdiq etmiş praqmatik siyasətçi idi və bilirdi ki, yalnız Heydər Əliyev strategiyasını həyata keçirməklə, onun qoyduğu siyasi yolu davam etdirməklə Azərbaycanı güclü dövlətə çevirmək mümkündür. ABŞ-ın Assoşieyted Press agentliyinə həmin müsahibəsində müxbirin seçkiqabağı kampaniya ilə bağlı sualını cavablandıran İlham Əliyev demişdi: “Mən xalqın arasına çıxanda insanlara çatdırmaq üçün özümlə ancaq bir müraciət götürəcəyəm – müraciətdə deyiləcək ki, gələcək inkişaf üçün Prezident Heydər Əliyevin apardığı siyasətin davam etdirilməsi son dərəcə vacibdir. Əgər bu siyasət davam etdirilməsə, ölkə yenidən anarxiya və qeyri-sabitlik həddinə gəlib çıxacaqdır. Əminəm ki, seçicilər bunu gözəl başa düşürlər. Bu, indiki siyasəti davam etdirəcək hökuməti onların dəstəkləməsinin səbəblərindən biridir. Bu da çox vacibdir. Biz çox layihələr həyata keçirməliyik, çünki Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, demokratikləşmə prosesi davam edir. Bütün bunlar dayandırılmamalıdır. Xalqa müraciətimin mahiyyəti də məhz bundan ibarətdir”.
Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu. Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev də andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Xalqa və dövlətçiliyə xidmət
Prezident İlham Əliyev on altı illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Bu gün Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə müxtəlif formatlarda əlaqələr qurulur və inkişaf etdirilir.
Azərbaycanın 165 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
Misilsiz iqtisadi uğurlar
On beş il ölkə iqtisadiyyatında qazanılan misilsiz uğurlarla da xarakterikdir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın 2004-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatları bu gün 46 milyard dollara çatdırılıb.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. Belə ki, 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin istifadəyə verilib, 2014-cü ildə Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər isə uğurla davam etdirilir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb.
Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Ötən il Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.
Bu gün Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə ikinci – Yer səthini müşahidə edən “Azersky” peyki, bu il isə daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılıb.
Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Odur ki, xalqımız 2008-ci il oktyabrın 16-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqiyə, quruculuğa səs verib. Bu, həm də onu göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur.
Dövlətimizin başçısı İlham Əliyevin 16 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” məqaləsində qeyd etdiyi kimi, dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 16 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq.

Baba Rzayev
“Azərişıq” ASC-nin sədri